“Biz ərazimizə və əhalimizə qarşı daha bir ekoloji terrora göz yuma bilmərik” – Deputat

Ermənistanın Azərbaycanla sərhəddə inşa etməyə başladığı metallurgiya zavodu bölgədə yeni ekoloji problemlər yarada bilər. Təəssüf ki, Ermənistan Azərbaycana qarşı ekoloji terroru davam etdirir. Müvafiq beynəlxalq təşkilatlar bu məsələyə münasibətini bildirməlidir.

Bu fikirləri Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

O qeyd edib: “Arazdəyən kəndində inşa olunan metallurgiya zavodunun illik istehsal gücünün 180 min tondan yuxarı olması gözlənilir ki, bu da kifayət qədər böyük həcmdə tullantı və zəhərli qazın təbiətə ziyan vurmasına səbəb olacaq”.

Deputat bildirib ki, metallurgiya zavodunun tikintisi BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasına ziddir. Çünki həmin Konvensiya başqa ölkələrin ərazisinə mənfi ekoloji təsiri ehtimal olunan layihələrin razılaşdırılmış şəkildə həyata keçirilməsini nəzərdə tutur. Ermənistan bununla bağlı Azərbaycanla heç bir razılaşma təşəbbüsü ilə çıxış etməyib. 1991-ci ildə qəbul olunmuş Espo Konvensiyasına uyğun olaraq, ilk növbədə, zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə Azərbaycanın müvafiq qurumlarının, ətraf kəndlərdə yaşayan azərbaycanlıların rəyi öyrənilməlidir. Ermənistan isə növbəti dəfə beynəlxalq konvensiya çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozaraq, bu addımların heç birini atmayıb.

Soltan Məmmədov xatırladıb ki, 2022-ci ildə BMT təmiz, sağlam və davamlı ətraf mühiti insan hüququ kimi tanıyıb. Bu isə o deməkdir ki, ekologiyaya vurulan zərər insan hüquqlarının da pozulması kimi qəbul olunur. Ermənistanın ətraf mühitə ciddi zərər vuran belə bir layihəni həyata keçirməsi bölgədə yaşayan on minlərlə insanın hüquqlarına qarşı yönəlib. Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyinə, onların hüquqlarının qorunmasına, xüsusilə də ekologiya və ətraf mühitlə bağlı təhdidlərə xüsusi həssaslıqla yanaşır. Təəssüf ki, Ermənistanın bu addımına beynəlxalq ictimaiyyətdən hələ də adekvat reaksiya yoxdur. Lakin Azərbaycan bu məsələ ilə bağlı beynəlxalq hüquq çərçivəsində bütün zəruri addımları atmağa çalışır. Biz ərazimizə və əhalimizə qarşı daha bir ekoloji terrora göz yuma bilmərik.