“Biz birlikdə tariximizi, mədəniyyətimizi bərpa edəcəyik” Deputat

Artıq Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa diqqəti və qayğısı sayəsində işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Şuşa şəhərində bərpa işlərinə start verilib. Şuşa, təbii ki, hər bir azərbaycanlı üçün müqəddəs bir məkandır. Bunu dövlət başçısı dəfələrlə qeyd edib.

Bunu Milli Məclisn deputatı İqbal Məmmədov bildirib.

Deputat qeyd edib ki,Şuşanın bərpası da bu gün Azərbaycan liderinin diqqət mərkəzində və daimi nəzarətindədir. Əminik ki, məhz cənab Prezidentin qayğısı sayəsində bu şəhərimiz yaxın zamanlarda yenə də öz tarixi simasını bərpa edəcək. Dövlət başçısı yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən də bildirib ki, onun üzərinə çox böyük məsuliyyət düşür. Şuşanın dirçəldilməsi işində öz fəal rolunu oynamalıdır.

Prezident qəti şəkildə bir daha bəyan edib ki, Şuşa bizim tari­xi şəhərimizdir. İgid oğullarımız canlarından keçərək onu azad ediblər və biz artıq bu şəhərə qa­yıtmışıq. Əgər ermənilər bu şəhəri özlərininki hesab edirdilərsə, nə üçün 28 il ərzində burada bir daşı daş üstə qoymayıblar? Nə üçün Şuşanın tarixi abidələrini qoruyub saxlaya bilməyiblər? Bütün bu­laqlar quruyub. Amma şəhərdəki hər bir məhəllədə bulaq olub. İndi birində də su yoxdur. Bütün tarixi abidələr yerlə-yeksan edi­lib. Əgər bu, onların şəhəriydisə, niyə bu abidələri dağıdıblar? Əgər bu, erməni şəhəridirsə, nə üçün yerlə-yeksan ediblər? Orada təkcə azərbaycanlılara məxsus məscidlər deyil, bütün binalar dağıdılıb.

Dövlət başçısı Şuşanın qorun­ması ilə bağlı müvafiq göstərişlərin verildiyini bildirib.Onun sözlərinə görə, Azərbaycan hərbçiləri Şu­şanı qoruyurlar, ətraf yüksəklikləri nəzarətdə saxlayırlar və saxlaya­caqlar. Şuşada komendantlıq ya­radılıb və indi isə mülki idarəetmə institutu yaradılır. Prezident bu məsələdə Aydın Kərimova böyük etimad göstərildiyini deyib: “Şuşa­nın bərpası, dirçəlməsi hamımızın işidir. Əlbəttə ki, bütün işlər planlı şəkildə aparılmalıdır, Şuşanın tarixi siması saxlanılmalıdır, Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz. Mən artıq bir müddət bundan əvvəl Şuşaya mütəxəssislərdən ibarət böyük bir qrup ezam etmişdim. Onla­rın arasında siz də var idiniz və vəziyyətlə tanış oldunuz. Bu qrup bir neçə gün Şuşada qalıb, bütün təftiş, təhlil işlərini aparıb və mənə məruzə edib. Şuşanın bərpası bu­nun əsasında aparılacaqdır”.

Dövlət başçısı deyib ki, artıq Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib. Bərpadan sonra Şuşada həyat qaynamalıdır. İn­sanlar qayıdandan sonra Şuşanın çox zəngin mədəni həyatı olmalı­dır. Həm ölkə daxilindəki tədbirlər, eyni zamanda, bir çox beynəlxalq tədbirlər – festivallar, müsabiqələr, qastrollar orada keçirilməlidir. Yəni, Şuşa nəinki Azərbaycanın, bütün bölgənin mədəniyyət paytaxtı adına layiq olmalıdır. Bu yaxınlarda ICESCO-nun baş katibi də bildirib ki, Şuşanın İslam mədəniyyətinin paytaxtı elan olunmasını təklif edəcəklər.

Prezident əminliyini bildirib ki, Şuşa tez bir zamanda bərpa ediləcək. Artıq dövlət başçısı­nın sərəncamı ilə şəhərə yol çəkilir. Füzuli Hava Limanı inşa edilir və bu ilin sonuna qədər istifadəyə verilməlidir. Ondan sonra beynəlxalq uçuşlar təşkil edilməlidir. Xüsusi nümayəndəyə tapşırıq verildi ki, Şuşa ilə bağ­lı indidən müxtəlif ölkələrdə təqdimatlar və sərgilər keçiril­sin. Dövlət Turizm Agentliyi və Mədəniyyət Nazirliyi ilə birlikdə proqram işləyib hazırlamalıdır. Dünyanın müxtəlif ölkələrində Şuşanın tarixi, işğal dövrü, bugün­kü bərpa işləri ilə bağlı təqdimatlar keçirilməlidir. Həm Azərbaycan ictimaiyyəti, həm də beynəlxalq ictimaiyyət bərpa işlərinin gedişi ilə bağlı məlumatlandırılmalıdır.

Eyni zamanda, şəhərsalma işləri düzgün aparılmalı, tarixi, dini abidələrimizin bərpası ilə bağlı konkret proqram işlənməli olduğu barədə göstəriş verildi.

Sonda Prezident İlham Əliyev vurğuladı ki, biz Şuşanı dünya­nın ən gözəl şəhərlərindən birinə çevirməliyik və çevirəcəyik: “Mən bu sözü vermişəm və bu sözümü də icra edəcəyəm”.

Prezidentin sözü ilə işinin bir olduğunu isə bütün ölkə ictimaiyyəti yaxşı bilir.