Biz böyük qələbəyə qədər uzun, çətin və şərəfli bir yol qət etmişik

“Bakıda Hərbi Qənimətlər Parkı İkinci Qarabağ müharibəsi həqiqətlərinin təbliğinə, Azərbaycanın qalib, Ermənistanın məğlub ölkə kimi dünyada tanınmasına geniş imkanlar açacaq. 44 günlük Vətən müharibəsinin hər anını özündə əks etdirən eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri təkrar-təkrar göz önünə gətirəcək, Ordumuzun gücünü, gənclərimizin vətənpərvərliyini, torpaq sevgisini bir daha açıqlayacaq. Tariximizin hər bir səhifəsi əziz olmaqla yanaşı, gələcəyimiz üçün zəngin mənbədir.”

Bunu Milli Məclisin deputatı İmamverdi İsmayılov deyib.

Deputat qeyd edib ki, lham Əliyev xalqımızı addım-addım, səbrlə, təmkinlə, əzmlə Qələbəyə doğru apardı:

“Ölkəmiz böyük qələbəyə qədər uzun, çətin və şərəfli bir yol qət edib. Prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gələndə, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağına söz verdi və sözün yerinə yetirilməsi üçün ölkə iqtisadiyyatının, ordunun, Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsi üçün əlindən gələni əsirgəmədi, xalqımızı, dövlətimizi daim inkişafa, yeniliyə doğru apardı. Azərbaycana qarşı həyata keçirilən saysız-hesabsız təzyiqlərə sinə gərdi, xalqımızı təslimçi sülhə sürükləmək istəyən xarici qüvvələrin və onların daxildəki əlaltılarının məkrli planlarını alt-üst etdi. Azərbaycan xalqını addım-addım, səbrlə, təmkinlə, əzmlə Qələbəyə doğru apardı. Xalqın özünəinam hissini geriyə qaytardı, milli birliyimizi, həmrəyliyimizi, mütəşəkkilliyimizi təmin etdi. Bu baxımdan, Hərbi Qənimətlər Parkı, orada nümayiş etdirilən silahlar, istehkamlar həm də bizi Zəfərə aparan yolun nə qədər çətin, məşəqqətli və şərəfli olduğunu nümayiş etdirir”.