Biz daha diqqətli olmalıyıq

“Bu gün Azərbaycan-İran münasibətləri yeni mərhələyə daxil olub”.

Bunu açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

 

O bildirib ki, bu gün keçmişdə olan gərginlik arxada qalıb: “Azərbaycan İranla münasibətləri inkişaf etdirmək üçün addımlarını davam etdirir. Ölkəmizdə bu istiqamətdə dövlət tərəfindən davamlı addımların atıldığını və səylərin göstərildiyinin şahidiyik. O anlamda və mənada xüsusi qeyd etməliyik ki, İran tərəfi də çalışmalıdır ki, Azərbaycanla münasibətlərin qorunmasında diqqətli olsun və ikitərəfli münasibətləri və əlaqələri qorusun.

Bu gün Hindistanın İran vasitəsilə Ermənistana silah daşıması və İranın buna şərait yaratması da birmənalı olaraq qəbuledilən deyil. Azərbaycan heç zaman öz hava mühitindən, ərazisindən İrana qarşı istifadə olunmasına icazə verməyib və bu məsələyə həssas yanaşıb. Bizim də İrandan istəyimiz odur ki, onlar bu məsələdə Azərbaycanın mövqeyini nəzərə alsın. Ermənistana silah daşınması məsələsinə şərait yaratmasın. Çünki bu gün Ermənistanda ciddi proseslər gedir. Ermənistan qərbyönümlü siyasət həyata keçirir. Ermənistanda baş verənlər Rusiya – Qərb qarşıdurmasının bir göstəricisidir. Əslində Ermənistanın silahlandırılması Azərbaycana yönəlibsə, gələcəkdə hədəf və məqsəd həm də İrandır. Ona görə də İran bu məsələdə diqqətli olmalıdır. Azərbaycanın mövqeyini nəzərə almalıdır.

Eyni zamanda Ermənistan Rusiya qoşunlarını da bölgədən çıxarmaq istəyir. Bu da bölgədəki vəziyyətin gərginləşməsinə və daha da ağırlaşmasına aparıb çıxarır. O mənada bizim gözləntilərimiz odur ki, qarşı tərəf bunu nəzərə alsın, münasibətlərin gərginləşməsindən çəkilsin. Azərbaycanla siyasətinə və münasibətlərin qorunmasına çalışsın. Ancaq bu cür addımlar bir daha qeyd etdiyimiz kimi yalnız iki tərəfin münasibətlərinin pozulmasına xələl gətirir. O mənada biz daha diqqətli olmalıyıq. Münasibətlərin qorunmasına çalışmalıyıq. İran tərəfi bu məsələdə Azərbaycanın mövqeyini mütləq ciddi formada nəzərə almalıdır”.