“Biz öz Silahlı Qüvvələrimizi ən qabaqcıl orduların səviyyəsinə çatdırmalıyıq” – Deputat

“Azərbaycan Prezidenti İlham Əliyev son altı ay da daxil olmaqla postmüharibə dövrünün reallıqlarını həm ölkə daxilində həyata keçirilən sosial-iqtisadi layihələr, ümumi inkişafımız kontekstində, həm də xarici siyasət və regional münasibətlər kontekstində kompleks olaraq təqdim etdi. Prezident İlham Əliyev cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə nitqi ilə həm daxili auditoriyanı, həm də beynəlxalq ictimaiyyəti maraqlandıran məqamlara aydınlıq gətirməklə yanaşı, Ermənistan hakimiyyətinə və regionda maraqları olan ölkələrə də lazımi mesajları ünvanladı”.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

K.Bayramov qeyd edib ki, cari ilin ötən 6 ayında sosial-iqtisadi inkişafın göstəriciləri onu deməyə əsas verir ki, dünyada baş verən gərgin geosiyasi proseslərə və bunun nəticəsində meydana çıxan böhrana baxmayaraq, Azərbaycanın davamlı inkişaf strategiyası uğurla həyata keçirilir. Dövlət başçısının müşavirədə səsləndirdiyi kimi, dürüstləşmə ilə 2023-cü il üçün təsdiq olunmuş büdcəyə 3 milyard manatdan çox vəsait əlavə olunub. Əlavə vəsaitin əhəmiyyətli hissəsi Azərbaycan Respublikasının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərə və müdafiə xərclərinə yönəldilib. Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır. İlin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə – bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar.
K.Bayramov diqqətə çatdırıb ki, ölkəmiz müharibə dövründə olduğu kimi, sülh quruculuğu mərhələsində də özünün güc möqeyindən çıxış edərək diplomatik qələbələrini artırmaqdadır. Dövlət başçımızın bildirdiyi kimi, dünyada qaydalar tamamilə pozulub, davranış qaydalarına, beynəlxalq hüquqa əməl edilmir. Böyük dövlətlər bu hüququ pozurlar və sonra da onu əsaslandırırlar. Özümüzü, öz müstəqilliyimizi, seçimimizi, həyat tərzimizi, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz dayanmadan bu istiqamətdə çox ciddi addımlar atmışıq.

Dövlət başçıının çıxışında mühüm məqamlardan biri də, İrəvanın nəhayət ki, reallıqları başa düşməsi ilə bağlıdır. Dövlət başçısı bildirib ki, əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb. Bu da müsbət hal kimi qiymətləndirilməlidir.

K.Bayramov əlavə edib ki, dayanıqlı iqtisadi inkişaf Azərbaycanda bütün sahələrdə olduğu kimi, qüdrətli ordu quruculuğu istiqamətində də genişmiqyaslı tədbirlər həyata keçirməyə imkan verib. Bu gün Azərbaycan hökuməti tərəfindən təxirəsalınmaz işlər həyata keçirilir, yeni hərbi hissələr açılır və bu sayın artırılması da nəzərdə tutulur. Bir sözlə, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Silahlı Qüvvələri bütün sərhədboyu strateji mövqelərdə möhkəmlənib. Tarixə diqqət yetirsək görərik ki, ötən 20 ildə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülüb. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir. Bundan sonrakı illərdə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər plan üzrə gedir. İkinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələrimizdə aparılan islahatlar hələ başa çatmayıb, o cümlədən struktur islahatları. Biz öz Silahlı Qüvvələrimizi ən qabaqcıl orduların səviyyəsinə çatdırmalıyıq. Struktur islahatları, idarəetmə və özünü müdafiəetmə qabiliyyəti nöqteyi-nəzərindən biz elə güc yaradırıq ki, yerləşdiyimiz coğrafiyada özümüzü tam əmin hiss edə bilək”.