Biz qalib xalqıq!

Qədəm qoyan mübarək Ramazan ayında hər birinizə Allahdan sağlam can, evinizə-ailənizə bolluq bərəkət arzu edirəm!

70 illik Sovet imperiyasında Ramazan ayını könlümüz istəyən kimi qeyd edə bilməmişik. 30 illik müstəqillik tariximizdə isə müharibə, qan-qada, işğal və onun yaratdığı məhrumiyyətlər bu sülh və bərəkət ayını layiqincə yaşamağa imkan verməyib. İllərdir Ramazanda dilimizdə Qarabağ duası olub, işğal altındakı torpaqlarımızı azad görməyi, məcburi köçkün bacı-qardaşlarımızı öz yurdlarına qovuşmasını arzulamışıq. Bu Ramazan isə fərqlidir, müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyi və ordumuzun şücaəti, minlərlə şəhidimizin qanı, qazilərimizin sağlamlığı hesabına müharibəsiz, münaqişəsiz, işğala son qoymuş, haqqı-ədaləti bərpa etmiş başı uca bir toplum olaraq bu müqəddəs ayı yaşamaqdayıq. Əlbəttə problemlərimiz var, VI nəsil, çox bahalı bir müharibədən qalib olaraq çıxmışıq, qarşımızda quruculuq bərpa işləri dayanır, həll olunası xeyli sosial məsələlər var. Üstəlik, dünyanı cənginə alan COVİD-19 təhlükəsi hələ də bizi təhdid etməkdədir. Lakin, əmin ola bilərsiniz, necə ki, ən böyük problemimiz arxada qalıb, digər bütün çətinlikləri də dəf edəcəyik. Çünki biz qalib xalqıq!Əziz soydaşlar, bu əziz ayda bizi qalib edən şəhidlərimizi bir daha rəhmətlə anır, qazilərimizə şəfa, xalqımıza sülh və əminamanlıq diləyirəm. Ramazan ayınız mübarək, Allah tutduğunuz orucu, etdiyiniz duaları qəbul buyursun, Tanrının mərhəməti üzərinizdə olsun!

Bəhruz Məhərrəmov

Milli Məclisin deputatı