“Biz və bizdən sonrakı nəsillər onları unutmayacaq” Deputat şəhidlərdən yazdı

44 gün davam edən Vətən Müharibəsində 30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olundu. Təəssüf ki, nə qədər ağrılı olsa da, müharibə itkisiz olmur.

XALQ.AZ xəbər verir ki, Milli Məclisin deputatı Fatma Yıldırım şəhidlərlə bağlı şəxsi facebook səhifəsində paylaşım edib. Deputat qeyd edib ki, Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu qəhrəmancasına Şəhid olmuşdur. Millət vəkili olaraq təmsil etdiyim Bərdənin igid oğulları da Qarabağ savaşında böyük şücaətlə döyüşüblər. Bu müqəddəs mübarizədə Bərdədən döyüşlərdə iştirak edən 56 hərbçimiz şəhidlik zirvəsinə ucalmışdır.

Biz və bizdən sonrakı nəsillər onları unutmayacaq. Azərbaycan xalqı mübariz oğullarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə Allahdan rəhmət diləyirəm, ruhları qarşısında baş əyirəm. Onlar bizim qəlbimizdə əbədi yaşayacaqlar. Şəhid analarının, atalarının əllərindən öpürəm. Hər bir millət vəkili, hər bir məmur, hər bir vətəndaş ağrılı şəhid ailələrinin yanında olmalı, onları hər zaman diqqətdə saxlamalıdırlar.

Allah rəhmət eləsin.