“Bizim onun şəxsiyyətinə və yaradıcılığına kütləvi şəkildə rəğbətimiz var” – Deputat

Görkəmli aktyor Rasim Balayev “kütlə”anlayışını işlətməklə qəzəbə tuş gəlib. Kütlə ilə bağlı dünyanın nəhəng psixoloqları və sosioloqlarının əsərləri var. Məsələn, Qüstav Lebonun “Kütlənin psixologiyası”, Xose Qassetin “Kütlənin inqilabı”, Ziqmund Freydin “Kütlə psixologiyası və insan “mən”inin analizi”, Nobel mükafatı laureatı Elias Kanettinin “Kütlə və hakimiyyət” əsərlərini misal çəkmək olar. Sonuncu əsəri kütlə haqqında yazılmış bütün dövrlər üçün əsas tədqiqat əsəri saymaq olar.

Bu barədə fikir bildirən deputat Etibar Əliyev tənqid edilən R.Balayevin müdafiəsinə qalxaraq “kütlə” sözünün maraqlı izahını verib:

“1927-ci ilin 15 iyulunda Kanetti Vyana ədalət məhkəməsi sarayının bir qrup qiyamçı fəhlə tərəfindən yandırılmasının şahidi olur. Hadisəni təlatümlə izləyən bu gənc oğlan kütlə psixologiyası ilə məşğul olmaq qərarına gəlir. Sonralar yazdığı kitabda o, folklor, mifologiya, ədəbiyyat və tarixi təcrübədən istifadə etməklə kütlə hərəkatları haqqında hərtərəfli tədqiqatını yazır.

Kanettiyə görə kütlədə bir insan başqa bir insana bərabərdir: “Kütlə-yaranma, yaşama və dağılma qanunauyğunluqları olan bütöv varlıq kimi öz məxsusi həyatını yaşayır.” Uzağa getmək lazım deyil, sosial şəbəkələrdə eyni psixologiyalı (eyni cür düşünən, narsist) kütlə meydana gəlib. Trollar isə sürü rolunu oynayır.
Biz Rasim Balayevin çəkildiyi bütün filmləri sevirik və baxmaqdan doymuruq. Böyük rejissor Federiko Fellinidən ömrününün sonuna yaxın soruşurlar ki, niyə film çəkmir? Cavabı belə olur: “Mənim tamaşaçılarım artıq həyatda yoxdur”.
Rasim Balayevin tamaşaçılarının böyük kəsimi həyatdadır. Və bizim onun şəxsiyyətinə və yaradıcılığına kütləvi şəkildə rəğbətimiz var.

Həmçinin, maraqlı əsərlərin qısa təqdimatında əsasən belə bir ifadə yazırlar: “kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur”. Bu ifafədən heç kim incimir. Kütlə əsəri başa düşməyə də bilər və qorxulu anlayış deyil. Film də belədir. Aktyorun emosiyasını başa düşməyə də bilərik”.