“Bizim polis əməkdaşları gecə-gündüz küçələrdədir”

“İyunun 2-si ölkəmizin həyatında önəmli yer tutan, qanunlarımızın keşiyində dayanan, dövlətimizə və xalqımıza sədaqətlə xidmət edən Azərbaycan polisinin peşə bayramıdır. Məlum olduğu kimi hər zaman polisimizə xüsusi diqqət və qayğı ilə yanaşan Ümummilli Liderimiz Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub”.

XALQ.AZ xəbər verir ki, bunu deputat Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulan Azərbaycan polisi ötən 102 il ərzində şərəfli bir yol keçib. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 2 il ərzində böyük vətənpərvərliklə müstəqil dövlətimizin milli maraqlarının və qanunlarının keşiyində duran Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində də inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticələr, zəngin təcrübə qazanıb.

Deputat bildirib ki, xüsusilə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi düşüb: “Onu da deyim ki, Ulu Öndərin bu diqqət və qayğısı, həmçinin daxili işlər orqanlarının şəxsi heyətinin milli ruhda formalaşması istiqamətində atılan addımlar öz bəhrəsini verib. Belə ki, ötən əsrin səksəninci illərinin sonunda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri olub. Bu döyüşlərdə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, 1710 nəfər isə yaralanıb. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görülüb. Eyni zamanda müstəqilliyimizin sonrakı illərində də daxili işlər orqanlarının fəaliyyəti uğurlu olub. Belə ki, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olub, 2640 nəfər xəsarət alıb”.

Vüqar İskəndərov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyası kursu uğurla davam etdirən Prezident İlham Əliyev də daim Azərbaycan polisinə diqqət və qayğı göstərib. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur.

Deputat deyib ki, Azərbaycan polisi yeni növ kornavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün görülən işlərdə də ön sıralarda gedir, üzərinə düşən öhdəlikləri ən yüksək səviyyədə yerinə yetirir: “Bu gün də pandemiya ilə mübarizədə ön sırada dayanan Azərbaycan polisi vətəndaşımızın sağlamlığının qorunması üçün gecə-gündüz fasiləsiz xidmət aparır. Polis əməkdaşlarının pandemiya dövründə nümunəvi fəaliyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyev deyib: “Bizim polis əməkdaşları, Daxili Qoşunların əməkdaşları gecə-gündüz küçələrdədir, həyatlarını risk altına atırlar, camaatı başa salmağa çalışırlar.

İndi onların əməyini yerə vurmamalıyıq. Nəyə görə kimsə özü üçün hansısa xüsusi imtiyaz yaratmaq istəyir. Buna gəldikdə də bildirməliyəm, pandemiya bütün dünyaya göstərdi ki, bu xəstəlik qarşısında hamı bərabərdir. Heç kimə heç bir imtiyaz verilmir və verilməyəcək. Bu, bizim siyasətimizin əsas hissəsindən biridir ki, qanunun aliliyi, bərabərlik daim bərqərar olmalıdır. Ona görə heç kimə heç bir imtiyaz verilməyəcək. Odur ki, karantin rejimini pozan, vaxtını hansısa iaşə obyektində keçirmək istəyən adamlara qarşı da, – onlar müəyyən olunduqda, – ciddi cəza tədbirləri görülür, tətbiq olunur, o cümlədən vəzifəli şəxslərə qarşı. Karantin rejimini pozduqlarına görə artıq bir neçəsi cəzalandırıldı”.

Onu da deyim ki, Prezident İlham Əliyevin bu peşə bayramı ərəfəsində şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi və xidmətdə fərqlənən bir qrup əməkdaşın dövlət mükafatlarına layiq görülməsi barədə qəbul etdiyi qərarlar hər bir polis əməkdaşının gərgin əməyinə verilən ali qiymətin əyani təsdiqidir”.

“Bir sözlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi “Facebook” səhifəsində 2 iyul – Polis Günü münasibətilə etdiyi paylaşımda da vurğulandığı kimin qanunun keşiyində duran, ictimai asayişi qoruyan, daim Azərbaycan vətəndaşının yanında olan polis öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir” deyə, deputat qeyd edib.