BMAM-ın növbəti iclası keçirilmişdir

44

BMAM-da gənclərə yeni vəzifə verildi

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzindən verilən məlumata görə, iyunun 13-də BMAM İdarə Heyətinin Milli Qurtuluş Gününə həsr olunmuş növbəti iclası keçirilmişdir. İclasda Mərkəzin sədri Rufiz Qonaqov Milli Qurtuluş Günü ilə əlaqədar geniş çıxış edib: “Müstəqillik yoluna yeni qədəm qoymuş ölkəmiz 90-cı illərin əvvəllərində bir tərəfdən Qarabağ müharibəsi ilə, digər tərəfdən də xarici qüvvələrdən dəstək alan daxili düşmənlərin ciddi cəhdi ilə siyasi xəritədən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Hakimiyyət uğrunda gedən savaş isə suverenliyini yenicə qazanmış Azərbaycanın dünya siyasi səhnəsindən bir dəfəlik silinməsi ilə nəticələnə bilərdi. 15 iyunda Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızı parçalanma və vətəndaş müharibəsi təhlükəsindən qurtardı. Ötən 21 ilə nəzər saldıqda gördüyümüz bütün uğurların əsasında Heydər Əliyevin xalqımızı birləşdirib, dövlətçiliyimizə sahib çıxması faktını görə bilərik. 15 iyun qayıdışı müasir Azərbaycanın tarixində elə bir həlledici an idi ki, bunu 18 oktyabr Müstəqillik Günü ilə müqayisə edə bilərik – yeni qazanılmış müstəqilliyi qorumaqdan ziyadə, dövlətin bütövlüyünün qorunub saxlanmasına müvəffəq olmaq o müstəqilliyi qazanmaqdan heç də az əhəmiyyətli deyil. Bu gün isə bu siyasi kursu Prezident İlham Əliyev uğurla davam etdirir”.
Daha sonra BMAM sədrinin Gənclər və Layihələr üzrə müavini Həbib Heydər hesabatla çıxış edib. Sədr müavini bildirib ki, “BMAM yarandığı gündən dövlətçiliyə xidmət edərək vətəndaş cəmiyyəti quruculuğunda daima öz töhfəsini vermişdir. Mərkəz tərəfindən həyata keçirilən layihələr və müxtəlif ictimai aksiyalar daxili və xarici siyasətimizin prioritetlərinə uyğun şəkildə təşkil olunmuşdur. Təşkilat 8 il ərzində təkcə paytaxtla kifayətlənməyib, regionlarda da aktiv fəaliyyət göstərir”. Bununla yanaşı BMAM-ın gənclər sahəsində yeni fəaliyyət istiqamətləri və taktikası müzakirə edilərək təsdiq edilib.
Toplantıda təşkilati məsələlərə baxılaraq, yeni təyinatlar təsdiqlənib. Sədrin təqdimatına əsasən, İdarə Heyətinin üzvləri Eldar Orucov sədrin Təşkilati və Xüsusi Tapşırıqlar üzrə digər müavini, Əzizağa Heydərov sədrin yeni müşaviri, Şəhla Cəlilzadə Mərkəzin Xarici Əlaqələr sektorunun müdiri, Vahid Fəxrəddinov Mərkəzin Quba-Xaçmaz regionu üzrə nümayəndəsi təyin ediliblər.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi
Mətbuat Xidməti
+994 55 205 11 10
+994 55 684 06 36