Bölgələrimizin sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin daim diqqətindədir

Cənab Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf siyasətinə uyğun olaraq ölkəmizin bütün bölgələrində olduğu kimi Quba rayonu da sosial-iqtisadi inkişaf baxımından özünün yeni mərhələsini yaşayır. Bu rayonda yeni kənd təsərrüfatı, turizm və sənaye istehsalı obyektləri, emal müəssisələri və aqroparklar yaradılır. Hazırda Quba rayonuna dövlət tərəfindən özəl sektora xüsusilə böyük dəstək verilir, aqrar sektorun ayrı-ayrı sahələrinin inkişafı üçün əlverişli imkanlar yaradılıb. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən dövlət prqoramları rayonun inkişafında xüsusi rol oynamış, infrastrukturlar müasir səviyyəyə çatdırılmış və hazırda Qubada ən rəqabət qabiliyyətli kənd təsərüfatı və yeyinti sənayesi məhsullarının istehsal səviyyəsi əhəmiyyətli dərəcədə artmışdır. Sözsüz ki, rayonun inkişafında Cənab Prezidentin xüsusi diqqət və qayğısı, eyni zamanda dövlət investisiyalarının artırılması və biznesin inkişafına yaradılmış əlverişli şərait mühüm təsir göstərmişdir”.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Quba rayonuna səfərini şərh edərkən bildirib.


Millət vəkilinin sözlərinə görə, Cənab İlham Əliyev və Mehriban xanımın rayona səfəri bu bölgəyə diqqət və qayğının nəticəsi hesab edilə bilər: “Son illərdə Quba rayonu yüksək inkişaf yolu keçmiş, infrastruktur, kommunal və sosial xidmət sektorları müasirləşib, şəhərin siması əhəmiyyətli dərəcədə dəyişib. Səfər zamanı bir sıra mühüm obyektlərin açılışı, Qonaqkənd qəsəbəsində Mədəniyyət Evinin və Heydər Əliyev Fondu tərəfindən Birinci Nügədi kəndində 1 nömrəli tam orta məktəbin inşa olunması, Quba Olimpiya İdman Kompleksində yenidənqurma, əsaslı təmir və tikintisi, 46 kilometrlik Quba-Qonaqkənd avtomobil yolunun istismara verilməsi bu rayonun davamlı olaraq öz inkişaf yolu ilə irəlilədiyini göstərir”.

Aydın Hüseynov bildirib ki, Qubanın ölkə iqtisadiyyatında xüsusi yeri və payı vardır: “Bu gün bölgələrdə qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm işlər aparılmaqdadır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla icrasının nəticəsi olaraq hər iki rayonun ölkənin iqtisadi göstəricilərində xüsusi çəkisi yüksəlib, sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi istiqamətində uğurlu nəticələr qazanılıb. Cənab Prezidentin iştirakı ilə “Quba ABAD Factory” qablaşdırma vasitələrinin istehsalı müəssisəsinin istifadəyə verilməsi bir daha bu bölgənin aqrar sənaye mərkəzinə çevrildiyini təsdiqləyir. Yeni istehsal sahəsinin yaradılması nəticəsində rayonda ümumi daxili məhsul istehsalının həcmi 3 dəfə artıb. Bu bölgəyə daxili və xarici sərmayələrin cəlb edilməsi, iri investisiya layihələrinin həyata keçirilməsi şəhərin sənaye sektorunda əhəmiyyətli sürətli yüksəlişi təmin edibdir. Hazırda davam etdirilən kənd təsərrüfatı və emal sənayesi ilə bağlı layihələr iqtisadi imkanların daha da artırıması üçün yeni imkanlar açır”.