Boluda Azərbaycan gecəsi

 

1

Bolu Ticarət və Sənayə odasında “Qarabağdan Anadoluya könül körpüsü-Azərbaycan-Türkiyə qardaşlıq gecəsi” təşkil olunub. Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB, Bolu Ticarət və Sənaye odası, Abant İzzət Baysal Universiteti, Aşıq Şəmşir Mədəniyyət Ocağı İB, Türk dünyası tələbə toplumu və Bolu Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən gecədə türk dövlətləri arasında mənəvi körpü qurulması ortaq dəyərlərin üzə çıxarılması məsələləri ortaya qoyulub. Gecədə Bolu Bələdiyyəsinin sədri Ələddin Yılmaz, Bolu Ticarət və Sənaye Palatası başçısı Türker Atəş, Abant İzzet Baysal dərnəyinin başçısı Ahmet Baysal, Bolu vali müavini Mustafa Kemal Keskin, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü millət vəkili Qənirə Paşayeva, Bolu millət vəkilləri, tələbələr və Bolu şəhər sakinləri iştirak edib.

 

“Türk dünyasında bir-birimizi asanlıqla başa düşəcəyimiz tək ölkə Azərbaycandır. Bizə əvəllər SSRİ-də türk dövlətinin olduğu öyrədilmədi. Ancaq Türkiyə indi əvvəlki Türkiyə deyil. Artıq türk dünyası ölkələri ilə əlaqələr qurmağa çalışır. Bu əlaqələrin qurulması üçün fədakar insanlara ehtiyac var” bunu çıxışı zamanı Bolu Bələdiyyə başçısı Ələddin Yılmaz dilə gətirib. Ə. Yılmazın sözlərinə görə, bu gün dünyanın müxtəlif ölkələrində yaşayan türklərlə əlaqələrin daha da möhkəmləndirilməsinə ehtiyac var. Bu zaman meydana ortaq türk dili məsələsi çıxır. Ortaq türk dili türk insanının daha da yaxınlaşmasına gətirib çıxaracaq. “Bu yaxınlarda Boluya digər türk dövlətlərindən gəlmiş tələbələrlə görüşdüm. Lakin təəssüf ki, onlarla rus dili tərcüməçisi vasitəsilə söhbət etdim… Ancaq azərbaycanlı tələbələrlə belə problem yaşanmır. Unutmamalıyıq ki, biz bir millət iki dövlətik”.

Daha sonra tədbirdə çıxış edənlər bildiriblər ki, ortaq mənəvi dəyərlər nəzər alınaraq Bolunun Azərbaycan şəhərləri ilə qardaşlaşmasına şərait yaradılmalıdır. Bolu Sənaye və Ticarət Palatası başçısı Türker Atəş Millət vəkili Qənirə Paşayevaya bu işdə yardımçı olmağı təklif edib.

 

Gecədə çıxış edən Millət vəkili Qənirə Paşayeva tarixi kökləri olan Türkiyə-Azərbaycan əlaqələrindən bəhs edib. O müasir Türkiyənin banisi Mustafa Kamal Atatürkün Azərbaycana Ümumilli lider Heydər Əliyevin qardaş Türkiyəyə olan münasibətini türk gəncliyinə türk insanına örnək göstərib. Bu baxımdan “Türkiyənin uğuru Azərbaycanın və bütün türk dünyasının uğuru, Azərbaycanın uğuru Türkiyənin və bütün türk dünyasının uğurudur” deyən millət vəkili Cümhuriyyət günü ərəfəsində keçirilən bu tədbirdə iştirakından məmnunluğunu dilə gətirib. O bu bayramı bütün türk dünyasının bayramı adlandıraraq bütün türk insanını təbrik edib. “Mən Mustafa Kamal Atatürkü, Nuri Paşanı, düşmənlə mübarizə aparan qazilərimiz və şəhidlərimizi rəhmətlə anıram”. Azərbaycan türklərinin də Çanaqqala savaşında heç bir qarşılıq gözləmədən savaşa getməsindən bəhs edən millət vəkili bunun qürurunu yaşadığını dilə gətirib. “Bizim insanımız uzaqda bir köy var, o köy bizim köyümüzdür deyərək savaşa gedib”.

“Azərbaycan torpaqlarının 20%-i Ermənistan tərəfindən işğal olunub. 1milyondan artıq insanımız öz yurd-yuvasından didərgin düşüb.” deyən millət vəkili “ Azərbaycan və Türkiyə əl-ələ verərək həmin torpaqları Ermənistanın işğalından azad edəcək. İnşaallah bu cür gecələri Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağda, Xankəndində Şuşada təşkil edəcəyik” deyərək fikrini müəllifi olduğu və özünü bütün türk dünyasının nümayəndəsi hesab etdiyinə işarə edən şeiri ilə yekunlaşdırıb.

 

Çıxışlardan sonra gecə iştirakçıları üçün konsert proqramı təqdim olunub. Bolu sənətçiləri ilə birgə Azərbaycanın bəstəkar müğənnisi, Əməkdar Artist Elza Seyidcahan, Opera və səs sənətçisi İlham Əsgəroğlu türk dünyasının birliyindən bəhs edən mahnılar ifa ediblər. Şairə Gülayə Rzayeva və Yazıçılar birliyinin və Ədəbiyyat qəzetinin bölüm sədri Sərvaz Hüseynoğlu iştirakçılara şeir töhvələrini ərmağan ediblər.

 

Sonda millət vəkili Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayevaya Bolu Bələdiyyə sədri Ələddin Yılmaz və Ticarət və Sənaye Palatasının başçısı Türkür Ateş tərəfindən “Türk dünyasında göstərdiyi xidmətlərinə görə” mükafat, diplom və təşəkkürnamə, Koroğlu heykəli təqdim edilib.

 

Millət vəkili Qənirə Paşayeva da öz növbəsində Bolu Bələdiyyə başçısı, Bolu valisinin müavini və Ticarət və Sənaye Palatasının rəhbərinə Azərbaycan tarixi və mədəniyyətini əks etdirən materiallar və müəllifi olduğu kitabları təqdim edib.

 

 

02 03