media-44

Hazırda ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı tam təmin etməkdən ibarətdir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışla bağlı bütün zəruri tədbirlər görülür. Dövlətimizin başçısı mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə səfər edir və burada görülən işlərlə yerindəcə tanış olur.

Bunu  açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində reallaşdırılacaq layihələrin əhatə dairəsinin kifayət qədər geniş olduğunu diqqətə çatdıran deputat əlavə edib ki, hazırda bu ərazilərdə yaşayış evləri, sosial, nəqliyyat, iqtisadi infrastrukturlar sürətlə bərpa olunur. Ərazilərin bərpası, quruculuq işləri ən müasir texnologiyalar əsasında həyata keçirilir.

Fatma Yıldırımın sözlərinə görə, Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Zəfər təkcə torpaqlarımızın işğaldan azad edilməsi ilə yekunlaşmadı. Bu Zəfər Azərbaycan xalqına yeni üfüqlər açdı və Qarabağa Böyük Qayıdış prosesini reallığa çevirdi. Fevralın 18-19-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam və Xankəndi şəhərlərinə səfərləri, həyata keçirilən layihələr və görülən işlərlə tanışlıq bu qayıdışın əhəmiyyətini bir daha sübut edir. Qarabağ və Şərqi Zəngəzurun bərpası, sadəcə, bir infrastruktur layihəsi deyil, bu, Azərbaycanın tarixi, mədəni və sosial inkişafı üçün strateji əhəmiyyət daşıyan bir prosesdir. Bu ərazilərdə aparılan quruculuq işlərinin böyük hədəfləri var.

“Düşmən tapdağında 30 ilə yaxın qalan torpaqlarımızda indi həyat sürətlə canlanır, bərpa olunur. Bərpa prosesində müasir infrastrukturun yaradılması xüsusilə diqqət mərkəzindədir. Xankəndidə və Ağdamda açılan yeni hotellər, təhsil və mədəniyyət ocaqları, yaşayış kompleksləri və digər obyektlər göstərir ki, Qarabağ artıq müasir Azərbaycanın inkişaf simvoluna çevrilib. Yenidənqurma işləri Qarabağda iqtisadi canlanmaya da səbəb olur, iş yerləri açılır, yerli və xarici sərmayə cəlb olunur. Bütün bunların fonunda Qarabağda ekoloji təmiz enerji layihələrinin həyata keçirilməsi və yaşıl enerji zonası konsepsiyası bölgənin təbii ehtiyatlarının qorunmasına xidmət edir. Prezident İlham Əliyevin Xocalının Ballıca kəndinin sakinləri ilə səmimi görüşü, insanların əhvali-ruhiyyəsi xalqımızın Qarabağ torpağına nə qədər bağlı olduğunu təsdiqləyir. Bütövlükdə, Qarabağa qayıdış tarixi Zəfərimizin parlaq tərənnümüdür”, – deyə deputat vurğulayıb.


media-ads728x90

Bənzər xəbərlər