“Brüssel görüşü sülh prosesini irəli aparmaq üçün açarlardan biridir” – Razi Nurullayev

“İyulun 15-də keçirilən Brüssel görüşü öncəki görüşlər qədər əhəmiyyətli oldu və Azərbaycanın ərazi bütövlüyünün tanınmasına bir daha şahidlik etdi. Ermənistanın Baş Naziri Azərbaycanın ərazi bütövlüyünün 86,600 kvadrat km sahədə qəbul etdiyini dilə gətirdi. Bu o deməkdir ki, Ermənistan tərəfi, eyni zamanda Avropa Birliyi Qarabağda separatizmin olmasını qəbul etmir. Yəni, Qarabağı Azərbaycan ərazisi və orada baş verənləri daxili işi olaraq hesab edir. Bütün bunlar bizim diplomatik uğurlarımızdır. Həmçinin, görüşdə Ermənistan bir daha 1991-ci il Alma-Ata bəyannaməsinə sadiqliyini vurğuladı”. Bu sözləri Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Onun sözlərinə görə, bütün bunlar Azərbaycanın Qarabağ üzərində hökmünü ifadə edir və suverenliyinin, sərhədlərin toxunulmazlığını bir daha təsdiq etmiş olur: “Brüssel görüşü sülh prosesini irəli aparmaq üçün açarlardan biridir. Çünki bütün platformalarda gedən danışıqlarda, o cümlədən, Azərbaycanla Ermənistan arasında olan təmaslarda da məhz bu günədək Brüsseldə keçirilən 6 görüşdən və Vaşinqtonda, Moskvada baş tutmuş bəzi görüşlərdən əldə olunan nəticələrə istinad edilir. Bu istinadlar da separatizmin kökünün kəsilməsinə yönəlib. Hesab edirəm ki, növbəti mərhələlərdə daha ciddi irəliləyişlər əldə olunacaq”.

Deputat sözlərinə davam edərək bildirib ki, Ermənistan və Azərbaycan arasında hələki böyük sülh müqaviləsinin bağlanması mümkün görünmür: “Çünki razılaşdırılmayan məsələlər çoxdur. Amma iki ölkə arasında çərçivə sazişinin imzalanması mümkün görünür. Bunun əsasında da digər məsələlər müzakirə oluna bilər. Təbii ki, həmin məsələlərin müzakirəsi də illərlə vaxt apara bilər. Ermənistan hələ ötən əsrin əvvəllərindən Azərbaycana ziyan vurmağa davam edir. Bunlarla bağlı beynəlxalq məhkəmələrə müraciət olunur və Ermənistana qarşı təzminat davası açılır. Ona görə də düşünürəm ki, bu görüşün nəticəsi olaraq Azərbaycanla beynəlxalq aləmin, xüsusilə də Qərbin mövqeyi xeyli yaxınlaşıb. Səbəb isə odur ki, Azərbaycan Qarabağda separatizmin kökünü kəsməklə Rusiyanı bu bölgədən uzaqlaşdırmış olur. Ermənistanın isə arzusu Rusiyanın daim Qafqazda hegemonluq etməsidir. Bu isə Qərbin siyasəti ilə tərs mütənasiblik təşkil edir. Brüssel görüşündən sonra da Azərbaycan mövqeyinin Qərb dövlətlərininki ilə üst-üstə düşməsi kimi tarixi bir şans əldə etdi və separatizmi aradan qaldırmaq üçün bundan bacardığı qədər istifadə edəcək”.