Brüssel razılaşması: Paşinyan Əliyevin tələbini qəbul etdi – TƏHLİL 

Brüsseldə 5 saat davam edən üçtərəfli görüşlə bağlı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bəyanatı müzakirə edilən və razılaşdırılan məsələləri aydınlaşdırır. Müzakirələr Bakının tələb etdiyi 5 bəndlik sülh sazişi çərçivəsində aparılıb.

Birincisi, bəyanatda “Dağlıq Qarabağ” yox, Qarabağ ifadəsi yer alır və “Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunması” vurğulanır;

Aprelin 6-da keçirilən Brüssel görüşündən sonra baş verənlər – Ermənistanda “Qarabağ aksiyası” və Paşinyanın Moskva alternativi üzərindən hərəkət etməsi İrəvanın bu görüşdə “erməni ictimaiyyəti qəbul etmir” əsası ilə “status” üzrə tələbin yenidən diriltməyə çalışacağı gözləntisini artırırdı, lakin bəyanatda “Qarabağdakı etnik ermənilər”dən bəhs olunması təsdiq edir ki:

– İrəvanın bu niyyəti növbəti dəfə baş tutmadı: “status” ümumiyyətlə gündəmdən çıxıb;
– Rəsmi Bakı əvvəldən Qarabağdakı etnik ermənilərin Azərbaycan vətəndaşı olaraq hüquq və təhlükəsizliyinin təmin ediləcəyinini bəyan edib: bu mövqe Brüsseldə qəbul edilir;

İkincisi, sərhəd komissiyalarının ilk birgə iclasının yaxın zamanlarda keçirilməsi razılaşdırılıb: görüşün Azərbaycan-Ermənistan sərhədində keçirilməsi xüsusi önəm daşıyır, xüsusilə bu, Bakı və İrəvan arasında ikitərəfli formatın davam etdirilməsi baxımından əhəmiyyətlidir; razılaşmaya görə, komissiya sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı məsələlərlə məşğul olacaq;

Üçüncüsü, humanitar məsələlər – işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin taleyi müzakirə olunub;

Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min azərbaycanlının taleyinə aydınlıq gətirilməsi tələbini irəli sürüb.

5 saat davam edən qapalı görüşdə Paşinyandan tələb olunan məsələlərdən biri də budur və bəllidir ki, Azərbaycan öz vətəndaşlarının taleyinin aydınlaşdırılması istiqamətində prinsipial mövqeyindən geri çəkilməyəcək.

Dördüncüsü, kommunikasiyaların açılması istiqamətində işin davam etdirilməsi, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımaların tənzimlənməsi, sərhəd idarəçiliyi, təhlükəsizlik, torpaq haqları, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri barədə razılığa gəlinib;

Azərbaycan kommunikasiyanın açılması və əlaqələrin bərpa olunmasının tərəfdarıdır. Bütün bunlar sülh sazişinin imzalanması prosesinin kompenentlərindəndir.

Beşincisi, iqtisadi inkişafın təmin olunması üçün İqtisadi Məsləhət Qrupunun işinin davam etdirilməsi razılaşdırılıb: bu, post-münaqişə dövrünün reallığıan uyğun olaraq, bölgədə iqtisadi münasibətlərin bərpa olunması və inkişafa nail olmaq baxımından əhəmiyyətlidir;

Altıncısı, sülh müqaviləsi üzrə müzakirələrin irəli aparılması razılığı əldə olunub və Avropa İttifaqı əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasına dəstəyini ifadə edib;

Sülh müqaviləsinin Bakının irəli sürdüyü prinsiplər əsasında hazırlanması gündəmdədir. Ermənistan tərəfinin “status” iddiasını sülh sazişinə əlavə bənd kimi daxil etmək cəhdi bu görüşdə də qəbul edilməyib, bəyanatda “Qarabağdakı etnik ermənilərdən” bəhd olunması bunu təsdiqləyir.

Azərbaycan Ermənistana gələcək təqdim edir və bu, həm də bütün regionun inkişafı üçün əhəmiyyətlidir. Brüssel masasında artıq ikinci dəfədir Bakının gündəliyinə uyğun razılaşmaların qısa müddətdə icrası razılaşdırılır. İndi top Ermənistanın meydanındır. Razılaşmaların icrasının uzanması, yaxud gündəlikdən imtina edilməsi Ermənistan gələcəyini də sual altında sala bilər.

Asif Nərimanlı