“Bu bizə həyəcan təbili çalan xəbərdarlıqdır”

Sağlam düşüncəli gəncliyin dövlət üçün əhəmiyyətini və təlimlə bərabər tərbiyə işinin təşkilinin təhsil müəssisələrinin vəzifəsi olduğunu nəzərə alaraq hesab edirəm ki, həmin müəssiələrdə gənclərimizə erkən yaşlarından etik davranış qaydaları, ailə üzvlərinə sevgi, böyüklərə hörmət, məsuliyyət, çalışqanlıq və s. bu kimi mənəvi dəyərlərin aşılanması üçün daha effektiv tədbirlərin görülməsi vacibdir.

XALQ.AZ-ın məlumatına görə, bunu deputat Afət Həsənova Milli Məclisin bu gün keçirilən plenar iclasında bir sıra qanunlara və məcəllələrə gənclərlə bağlı dəyişikliyin müzakirəsi zaman deyib.

A.Həsənova deyib: “Milli Məclisin müzakirəsinə çıxarılmış bu qanun layihəsi cəmiyyətin qayğıya ehtiyacı olan həssas təbəqəsinin maraqlarını ifadə etdiyindən düşünürəm ki, bu məsələyə xüsusi diqqət göstərməliyik. Əvvəlcə məsələyə hüquqi aspektdən baxaraq münasibətimi bildirmək istərdim: Qanun layihəsinin 1-ci maddəsi ilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə “aztəminatlı vətəndaşlara” sözlərindən sonra “sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə” sözlərinin əlavə olunması təklif olunur. Burada sual oluna bilər ki, qanunda mövcud “aztəminatlı vətəndaşlar” anlayışı özlüyündə vətəndaşın sosial müdafiəyə ehtiyacı olub-olmamasını mübahisələndirmədən aztəminatlı gəncləri də ifadə edirsə bu əlavəyə nə qədər ehtiyyac vardır?

Qanun layihəsinin 2.2-ci maddəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə 401.3-cü maddə əlavə olunaraq İdman mərc oyunlarının satıcısı tərəfindən yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməsinə görə beş yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulur. Bu əlavə özlüyündə müsbətyönümlü olmaqla yanaşı hesab edirəm ki belə oyunların keçirilməsi nəticəsində yüksək gəlir əldə edən üçün bu cərimə məbləği az təsirli ola bilər. Bu səbəbdən hesab edirəm ki, cərimə məbləğinin bir-neçə dəfə artırılması və ya bu məbləğdən əlavə oyunlar nəticəsində əldə olunan vəsaitin də tutullması həmin şəxsləri belə hərəkətlərdən çəkindirmək üçün daha effektiv inzibati tədbir ola bilər.

Qanun layihəsinin 3.3-cü maddəsində “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə “Sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə aid olan uşaqlara Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin verilməsi”nə dair hissənin əlavə olunması nəzərdə tutulur. Bu əlavədə ilk sual “aztəminatlı gənclərə aid olan uşaqlar” dedikdə kimlərin, yəni aztəminatlı gəncin övladının, yoxsa aztəminatlı gəncin özünün nəzərdə tutulmasıdır.

Həmçinin digər sual, Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan şəxslər uşaq hesab olunduğundan və onların tam fəaliyyət qabiliyyətləri olmadığından belə şəxslə sosial kirayə müqavilə bağlanılmasının mülki qanunvericiliyə uyğunluğu və bu müqavilə əsasında onun Mənzil Məcəlləsinin 66 və 67-ci maddələri ilə müəyyən edilən hüquq və vəzifələrini, məsuliyyətini dərk edib-etməməsi ilə bağlıdır.

Real vəziyyətdə belə uşaqların mənzillə təminatında da problemlərin mövcudluğunu nəzərə alaraq hesab edirəm ki, onlar müvafiq dövlət müəssisəsində yetkinlik yaşına çatana qədər diqqət və qayğı altında saxlanılmalı, yaşayış sahəsi ilə yalnız yetkinlik yaşına çatdıqdan, tam fəaliyyət qabiliyyətli olduqdan sonra təmin edilməlidirlər. Əks halda bunun arzuolunmaz nəticələri qaçılmazdır.

Sözsüz ki bu qanun layihələri gənclərimizi qorumaq, onların daha sağlam şəraitdə inkişafını təmin etmək məqsədi daşyır. Təbii ki, gəncliyin savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün vacibdir. Cəmiyyətin gələcəyi gənclərdir və bunu düşünən hər bir cəmiyyət onlara qayğı göstərir”.

A.Həsənovanın fikrincə, təəssüflər olsun ki bəzi hallarda informasiyanın əlçatanlığı, gənclərin asudə vaxtlarının təşkilində boşluqların olması, peşə təhsilinə marağın azalması və s. bu kimi faktorlar onların müəyyən zərərli vərdişlərə, dini cərəyanlara cəlb olunmasına, gələcəkdə işsizlik problemi ilə qarşılaşmalarına, nəticə etibarı ilə aztəminatlı və sosial problemli ailələrin, boşanmaların sayının çoxalmasına münbit şərait yaradır:

“Misal olaraq qeyd edim ki, rəsmi statistik məlumatlara görə əhalimizin sayının artmasına baxmayaraq 2011-2019-cu illərdə nikaha daxil olanların sayı 88 145-dən 63 835-ə azalmış, boşanma sayı isə 10 747-dən 17 148-ə qədər artmışdır. Hesab edirəm ki, bu bizə həyəcan təbili çalan xəbərdarlıqdır.

Eyni zamanda sağlam düşüncəli gəncliyin dövlət üçün əhəmiyyətini və təlimlə bərabər tərbiyə işinin təşkilinin təhsil müəssisələrinin vəzifəsi olduğunu nəzərə alaraq hesab edirəm ki, həmin müəssiələrdə gənclərimizə erkən yaşlarından etik davranış qaydaları, ailə üzvlərinə sevgi, böyüklərə hörmət, məsuliyyət, çalışqanlıq və s. bu kimi mənəvi dəyərlərin aşılanması üçün daha effektiv tədbirlərin görülməsi vacibdir. Təsadüfi deyil ki, cənab Prezident Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə “gənclər də məni eşitsinlər, daim böyük-kiçik məsələsinə fikir versinlər” deyərək gənclərə səslənmiş, yaşına görə yaşlılara hörmət olunmasının vacibliyini xüsusi qeyd etmiş, keçirdiyi qəbullarda yüksək vəzifəli məmurlara da bu səpkidə iradlarını bildirmişdir.

Biz qanun layihələrini müzakirə edirik, hüquqi baza, əsaslar yaradırıq. Lakin mövcud problemlərin qarşısının alınması və qanunların işləkliyinin təmin edilməsi üçün bundan başqa aidiyyəti qurumlar tərəfindən birgə fəaliyyət göstərilrməklə əməli tədbirlərin həyata keçirilməsi vacibdir. Mən bu məqsədlə həmin qurumları bu sahəyə daha həssas yanaşmağa çağırıram”.