Bu cinayətkar qruplar zərərsizləşdirilib

Ötən il bütün dövlət orqanları üzrə qeydə alınmış 26.004 cinayətin 84,3%-nin açılması təmin olunub.

XALQ.AZ-ın məlumatına görə, bunu Kollegiya iclasında Baş prokuror Kamran Əliyev bildirib.

K.Əliyev qeyd edib ki, bu cinayətlərin 94,5%-i prokurorluq və daxili işlər orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil edib:

“Onların da açılma faizi 85,5% təşkil edib. 2019-cu illə müqayisədə daxili işlər və prokurorluq orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa az ağır zərər vurma, oğurluq, soyğunçuluq, quldurluq, dələduzluq, mənimsəmə və israf etmə, eləcə də yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin, vəzifə cinayətlərinin sayı azalmış, ötən illərdən bağlı qalmış 310 cinayətin açılması təmin edilərək, 254 cinayətkar qrup zərərsizləşdirilib”.

“Hesabat dövründə prokurorluq orqanları tərəfindən 1045 şəxs barəsində 795 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq məhkəmələrə göndərilib. 2019-cu illə müqayisədə 34 hadisə artmaqla 193 qəsdən adam öldürmə cinayətləri qeydə alınıb ki, onların 94 faizinin açılması təmin edilib”, – deyə K.Əliyev bildirib.