Bu, dövlət qayğısının daha bir bariz nümunəsidir

Bu gündən etibarən DOST Mərkəzlərindəki vahid əlaqələndirmə mərkəzlərinin xidmətlərindən istifadə edə biləcəklər. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin Fərmanına əsasən, ilkin olaraq Bakıdakı DOST Mərkəzlərində yaradılan vahid əlaqələndirmə mərkəzlərində avqustun 23-dən qəbula başlanıb. İlk mərhələdə Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibədə xəsarət almış hərbi qulluqçuların və müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin müraciətləri qəbul olunacaq.

O da vurğulanıb ki, vahid əlaqələndirmə mərkəzləri aşağıdakı ünvanlarda fəaliyyət göstərir:

Yasamal, Səbail və Qaradağ rayonları üzrə 1 saylı Bakı DOST Mərkəzində (Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 86),
Xəzər və Pirallahı rayonları üzrə 2 saylı Bakı DOST Mərkəzində (Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 30 b),
Nizami, Xətai, Sabunçu və Suraxanı rayonları üzrə 3 saylı Bakı DOST Mərkəzi (Nizami rayonu, Heydər Əliyev prospekti, 183 b.),
Binəqədi, Nəsimi və Nərimanov rayonları üzrə 4 saylı Bakı “DOST” Mərkəzində (Binəqədi rayonu, Ziya Bünyadov prospekti, 31-03).

Yuxarıda bəhs edilən kateqoriyadan olan şəxslər qeydiyyatda olduqları rayonlar üzrə göstərilən DOST Mərkəzindəki vahid əlaqələndirmə mərkəzinə müraciət edə bilərlər: “Həmin şəxslər peyvənd olunmalarına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmalarına dair təsdiqedici sənədə (COVİD-19 pasportuna), yaxud istifadəsinə icazə verilən vaksinlərə qarşı “Əks göstəriş sertifikatı”na malik olduqda qəbul ediləcəklər. Vahid əlaqələndirmə mərkəzlərində birbaşa (yerində) xidmətlə yanaşı, “Çağrı mərkəzi” vasitəsilə və səyyar formada da xidmətlər göstəriləcək.”

Vahid əlaqələndirmə mərkəzlərinin fəaliyyətə başlamasınıdan danışan deputat Vüqar İskəndərov bunu bəhs edilən kateqoriyadan olanlara diqqətin daha bir bariz nümunəsi olduğunu deyib: “Bildiyiniz kimi cənab Prezidentin müvafiq Fərmanına əsasən şəhid ailələri üzvlərinə, müharibədə xəsarət almış hərbi qulluqçulara və müharibə əlillərinə xidmətlər vahid məkandan həyata keçiriləcək. Mərkəzlərdə 7 dövlət orqanı üzrə 26 istiqamətdə xidmətlər vahid məkandan, operativ, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında təqdim ediləcək. Bu həm ölkəmizdə vətəndaş məmnunluğunun təmini istiqamətində növbəti addım, həm də sözügedən kateqoriyadan olanlara dövlət qayğısının daha bir bariz nümunəsidir.”

Bildirilib ki, qeyd olunan qurumların vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərəcək əməkdaşlarının artıq Bakı DOST mərkəzlərində müvafiq xidmət pəncərələri yaradılmaqla yerləşdirilməsi, eləcə də təlimlər keçmələri təmin edilib. Növbəti mərhələdə vahid əlaqələndirmə mərkəzlərində bütün şəhid ailələrinin, müharibədə xəsarət almış hərbi qulluqçuların və müharibə əlillərinin müraciətləri qəbul ediləcək.

Həmçinin hazırda ölkəmizin digər bölgələrində də vahid əlaqələndirmə mərkəzlərinin qurulması işləri davam etdirilir.