“Bu düzgün yanaşma deyil” – Ceyhun Məmmədov

Bakıda sıxlığın artması son dövrlərdə paytaxtın köçürülməsi məsələsini yenidən gündəmə gətirib. Yeni paytaxtın hansı şəhər ola biləcəyi ilə bağlı isə müxtəlif fikirlər səsləndirilir. Son günlərdə bəzi nazirliklərin Ağdama köçürüləcəyi iddiaları da ortaya atılıb.

Niyə məhz Ağdam?

Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov bildirib ki, Bakıdakı tıxac probleminin həlli üçün bir sıra qurumlar bölgələrə köçürülməlidir. Onun sözlərinə görə, tıxacların azalması yollarından biri, Milli Məclisin Gəncəyə və ya Ağdama köçürülməsi ola bilər. Bəzi nazirliklərin digər şəhərlərdə yerləşməsi də çıxış yollarından biridir. Məsələn, Kənd təsərrüfatı Nazirliyinin Göyçaya köçürülə bilər.

Deputat Qüdrət Həsənquliyev də paytaxtın Ağdama köçürülməsini təklif edib:

“Ağdam şəhəri müasir üslubda yenidən salınır. “Yaşıl şəhər” kimi Ağdam bütün müasir tələblərə cavab verəcək. Hesab edirəm ki, Ağdamda 150-200 min nəfərlik paytaxt şəhəri salmaq olar. Ağdam şəhəri işğal dövründə ermənilər tərəfindən tamamilə dağıdılıb. Demək olar ki, bu şəhəri biz yenidən tikəcəyik. Düşünürəm ki, az xərclə bu işi həyata keçirmək olar”.

Deputat Fazil Mustafa isə bəzi universitetlərin Bakıda bölgələrə köçürülməsinin vacib olduğunu deyib.

Görəsən, bəzi nazirliklərin Bakıdan Ağdama köçürülməsi təkliflərinin reallaşması nə dərəcədə mümkündür?

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov düşünür ki, bu cür yanaşmalar daha çox populist yanaşmalardır:

“Bu düzgün yanaşma deyil. Hansısa bir nazirliyin bölgəyə köçürülməsi daha çox çətinlik yaradacaq. Bakıya gələn hər hansı bir vətəndaş burada bir neçə nazirlik və ya qurumda olmalıdır. Tez-tez Nazirlər Kabinetinin müşavirəsi, iclasları olur. Belədə bir nazirlik əməkdaşlarının bölgələrə gedib-gəlməsi asan məsələ deyil. Bu, həm vaxt, həm də maliyyə itkisidir.

Bəzi qurumların Bakıdan başqa yerlərə köçürülməsi təklifləri nəticəsini düşünmədən verilmiş, qeyri-sağlam yanaşmalardır. Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin Bakıda deyil, Ağdamda olması ilə nə dəyişəcək ki?

Düzdür, Bakı müəyyən mənada xeyli yüklənib.

Amma artıq torpaqlarımız azad olunub və insanlar tədricən bölgələrə köçürüləcəklər. Nəticədə Bakının sıxlığı müəyyən mənada azalacaq. Sadəcə olaraq, gələcəkdə yeni paytaxtın yaradılması məsələsini nəzərdən keçirə bilərik. Amma buna da ciddi ehtiyac yoxdur. Bölgələrdə daha çox universitetlər açmalıyıq”.