“Bu günədək ABŞ tərəfindən Azərbaycan iqtisadiyyatına 13 milyard dollardan çox investisiya qoyulub”

Son illər Azərbaycanın dünya birliyində mövqeləri daha da möhkəmlənib, əlaqələri xeyli genişlənib. Azərbaycan Prezidentinin ölkəmizin bu günü və sabahı, perspektivləri, həyata keçirilən qlobal enerji və kommunikasiya layihələri, demokratik inkişaf və digər məsələlərlə bağlı fikirləri bir çox ictimai-siyasi xadimləri tərəfindən rəğbətlə qarşılanıb, müstəqil dövlətimiz haqqında daha dolğun, hərtərəfli və obyektiv rəy formalaşdırıb.

XALQ.AZ xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva bildirib.

Sevinc Fətəliyeva deyib ki, hazırda Azərbaycan beynəlxalq aləmdə sülhsevər, demokratik prinsiplərin inkişafına xüsusi önəm verən, iri infrastruktur layihələrin reallaşdırılmasında zəngin təcrübəsi olan bir ölkə kimi tanınır. Bunun bariz nümunəsi və təsdiqi ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda yer alan fikirləridir. Məktubda Azərbaycanın suverenliyi və müstəqilliyinin ABŞ tərəfindən birmənalı olaraq dəstəkləməsi xüsusi qeyd olunub. Eyni zamanda, ABŞ-ın Azərbaycan ilə əməkdaşlığın davam etdirilməsində maraqlı olduğu ifadə edilib. Bu əməkdaşlıq özündə müxtəlif sahələri əhatə edir. Qeyd edilməlidir ki,bu günədək ABŞ tərəfindən Azərbaycan iqtisadiyyatına 13 milyard dollardan çox investisiya qoyulub. Azərbaycanda enerji, kənd təsərrüfatı və digər sahələrdə Birləşmiş Ştatların 200-dən çox şirkəti fəaliyyət göstərir. ABŞ daimi olaraq ölkəmiz tərəfindən həyata keçirilən infrastruktur layihələrinin reallaşmasını dəstəkləyir. Terrorizmə qarşı mübarizədə Azərbaycanın fəal iştirakı iki ölkə arasında əməkdaşlığı daha da yaxınlaşdırıb. Eyni zamanda, Azərbaycan üçün strateji xarakter daşıyan, Xəzər regionunun Avropa və dünya enerji bazarlarına daha yaxından inteqrasiyasına xidmət edən Cənub Qaz Dəhlizinin reallaşmasında ABŞ-ın əvəzsiz dəstəyini də vurğulamalıyıq.

Deputat qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın mövqelərinin ABŞ-ın mövqeləri ilə üst-üstə düşməsi də iki ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsindən xəbər verir. ABŞ-ın Azərbaycanla ikitərəfli əməkdaşlığa olan marağı yalnız ölkəmizin strateji-coğrafi mövqeyə malik olması və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən milli dövlətçilik kursunun dönməzliyi ilə əlaqədardır.