“Bu gün Azərbaycan-Türkiyə əlaqələri indiyə qədər tarixdə rast gəlinməyən bir mərhələyə çatıb – Deputat

“Türkiyə və Azərbaycanın qardaşlıq münasibətlərinin, birliyinin yeni istiqamətlər üzrə inkişafı bu gün dünyanın diqqət mərkəzindədir. Müttəfiqlik nümunəsi göstərən, yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoyan Azərbaycan və Türkiyə yeni hədəflərə birgə addımlayır. Bu gün Azərbaycan-Türkiyə əlaqələri indiyə qədər tarixdə rast gəlinməyən və indinin özündə də başqa ölkələrin nümunəsində görünməyən bir mərhələyə çatıb. Tarixi qardaşlıq əlaqələrinin sürətli inkişafında, yeni və ən üst səviyyəyə daşınmasında prezidentlər – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın əsl dostluq, qardaşlıq münasibətlərinin rolu danılmazdır”.

Bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, Türkiyənin 13-cü Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın ilk səfərini Azərbaycana gerçəkləşdirməsi ilk növbədə iki qardaş ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olmasının məntiqi nəticəsidir: “Qardaş ölkənin rəhbərinin bu səfəri onun növbəti prezidentliyi dönəmində Azərbaycan-Türkiyə əlaqələrinin daha sıx, daha davamlı edəcəyinə əyani sübutdur. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında səmimi münasibətlərin dövlətlərarası əlaqələrə bir daha töhfələr verəcəyi heç kimdə şübhə doğurmur. Türkiyə Prezidentinin Azərbaycana gəlişi Dövlət səfəridir ki, bununda üzərində dayanmağa ehtiyac var. Qeyd olunmalıdır ki, ölkələr arasında həyata keçirilən səfərlərin təsnifatında Dövlət səfərləri xüsusi əhəmiyyət daşıyır. Bu səfərlər xüsusi protokol qaydaları ilə, diplomatik mərasimlərlə müşayiət olunur. Burada əsas məqsəd dövlətlərarası münasibətlərin ən yüksək, ən ali səviyyəsini nümayiş etdirməkdir. Dünyada Azərbaycan və Türkiyənin timsalında elə ölkələr, xalqlar tapmaq mümkün deyil ki, bu şəkildə birlik, həmrəylik sərgiləsin, bir yumruğa çevrilsin”.

A.Hüseynov vurğulayıb ki, Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir: “2021-ci il iyunun 15-i Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq. Tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri xarici dövlətin başçısını Qarabağda qarşıladı. Bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, sözsüz ki, gələcək dərsliklərə yazılacaq mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu. 15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar”.