“Bu gün Füzulidə birinci şəhərsalma layihəsi icra edilir və şəhər tamamilə yenidən qurulur” – Deputat

“İşğaldan azad edilmiş ərazilərdə şəhər günlərinin keçirilməsi artıq bir ənənə halını alıb. Həmin torpaqlarda böyük vüsətlə aparılan bərpa və yenidənqurma işləri sayəsində işğal dövründə ermənilərin xarabazarlığa çevirdikləri şəhərlərimiz yenidən qurulur və keçmiş köçkünlər artıq yüksək dinamika ilə icra olunan Böyük Qayıdış Proqramı çərçivəsində öz yeni evlərinə qayıdırlar. Məlumdur ki, işğal dövründə ən böyük dağıntılara məruz qoyulmuş şəhərlərimizdən biri də Füzuli şəhəridir. Ölkə Prezidenti cənab İlham Əliyev oktyabrın 17-də, Füzuli şəhəri günündə tamamilə yenidən qurulan bu şəhərdə yerli sakinlərlə görüşmüşdür. Rayon ictimaiyyətinin nümayəndələri qarşısında çıxış edən dövlət başçısı bu gün erməni vandalizminin ağır nəticələrini artıq bütün dünya ictimaiyyətinin, həmçinin bu vəhşilikləri törədənlərə havadarlıq edənlərin də gördüklərini qeyd etmişdir. Həqiqətən də Füzuli şəhəri və rayonun böyük hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra rayon ərazisində olan bütün tarixi-mədəni abidələr erməni vandalları tərəfindən talan edilmiş, tamamilə dağıdılaraq viran qoyulmuşdu. Ekspertlərin rəyinə görə, məhz Füzuli işğal dövründə bütün digər rayon və bölgələrimizdən daha çox dağıntılara məruz qalmışdır. Diqqətəlayiq haldır ki, dövlət başçısının işğaldan azad olunmuş ərazilərə ilk səfəri də 2020-ci ilin noyabrın 16-da məhz Füzuliyə olub. Ali Baş Komandan Füzuli şəhərində Azərbaycan bayrağını ucaldıb. Bundan sonra Füzulidə möhtəşəm yenidənqurma işlərinə start verilib. Bu gün Füzulidə birinci şəhərsalma layihəsi icra edilir və şəhər tamamilə yenidən qurulur.”

Bu sözləri   Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Daha sonra deputat Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə geri qayıdan insanların arasında çox sayda gənc nəslin nümayəndələrinin olmasını mühüm göstərici kimi qiymətləndirərək bunları deyib: “Etiraf olunmalıdır ki, əksəriyyəti torpaqlarımızın hələ işğal altında olduğu dövrdə, Bakıda və digər böyük şəhərlərdə dünyaya göz açmış gənclərin bu gün böyük ruh yüksəkliyi ilə öz ata-baba yurdlarına qayıtmaları çox qürurverici haldır. Möhtərəm Prezidentimiz öz çıxışında bu məsələyə toxunara bildirdi ki, bu, Azərbaycan xalqının böyüklüyünün, öz torpaqlarına bağlılığının mühüm və ən bariz göstəricisidir. Əlbəttə ki, 30 il ərzində Azərbaycanı işğal faktı ilə, torpaqlarımızın əbədi itirilməsinin qaçınılmaz olması fikri ilə barışdırmağa çalışan, bizi bununla yaşamağa məcbur etmək istəyən xarici qüvvələr də ümid edirdilər ki, bir-iki nəsil sonra Qarabağ mövzusu ümumiyyətlə öz aktuallığını itirəcək. Lakin onlar bu dəfə də bərk yanıldılar. Soyun, kökün nə demək olduğunu biməyən, ana vətən ifadəsinin mahiyyətini anlamayan bu zavallılar həqiqətən də müasir Azərbaycan gəncliyinin bircə dəfə olsun belə görmədikləri torpaqlar uğrunda necə ölümə getdiklərini heç zaman da başa düşməyəcəklər. Lakin Azərbaycan xalqı bugünkü Zəfərinə görə kimə borclu olduğunu yaxşı bilir.”

Fikirlərini davam etdirən N.Aslanov qəhrəman hərbçilərimizin şücaəti və fədakarlığı barədə Prezident İlham Əliyevin söylədiyi fikirlərin böyük önəmini vurğulayıb: “Əlbəttə ki, Cənab Ali Baş Komandan II Qarabağ savaşının gedişində Şanlı Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin necə yüksək səviyyədə fədakarlıq və şücaət göstərdiklərini hər kəsdən daha yaxşı bilir. Bu, öz təsdiqini cənab Prezident İlham Əliyevin çıxışında yer almış açıqlamalarda bir daha öz təsdiqini tapıb. Dövlət başçısı xüsusi olaraq vurğuladı ki, istənilən halda bütün müharibələrdə qələbəni əldə edən əsgərdir, zabitdir. Məhz onlar öz canları və qanları bahasına düşmən üzərinə gedir, torpaqları azad edir və həmin ərazilərdə bayrağımızı sancırlar. Buna görə bütün Azərbaycan xalqı öz şəhidlərinin əziz xatirəsinə daim dərin ehtiramını ifadə edəcək. Biz bu günə görə onlara borcluyuq və gələcək nəsillər də məhz bu ruhda böyüməli, tərbiyə olunmalıdır” – deyə, Novruzəli Aslanov fikirlərini başa çatdırıb.