“Bu gün ölkəmizin iqtisadiyyatı dinamik inkişaf edir” – Azər Badamov

2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin səsləndirdiyi prioritet istiqamətlər sırasında ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi və sair məsələlər idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatlar ölkəmizin iqtisadi inkişafında müsbət nəticələrin əldə olunmasına yol açıb.

Bu sözləri Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Dövlətin maliyyə sektorunda nizam-intizamın möhkəmləndirilməsi, şəffaflığın təmin edilməsi sayəsində vergi və gömrük sahələrindən büdcəyə daxilolmaların artdığını vurğulayan deputat deyib ki, bu, dövlət büdcəsinə yenidən baxılmasına imkan verib. Dövlət büdcəsinə 3 milyard manat əlavə edilməklə əsas iki istiqamət olan işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və ordu quruculuğu üzrə maliyyələşmənin artırılması görülən işlərin daha sürətlə və keyfiyyətlə icra olunmasına şərait yaradıb.

“Cari ilin 6 ayının makroiqtisadi göstəricilərinə nəzər yetirdikdə burada müsbət tendensiyanın inkişafını görməmək mümkün deyil. Bu gün baş verən proseslər və dünya nizamının dəyişməsi fonunda inkişaf etmiş ölkələrin iqtisadiyyatları belə tənəzzülə sürüklənir. ABŞ və Avropanın aparıcı ölkələrinin iqtisadiyyatları böyük borclanmaya gedir və milli valyutalar dəyərini itirərək risk altına düşür. Qeyd etməliyəm ki, Avropa İttifaqının (Aİ) bir sıra ölkələrində inflyasiya artıq 17 və ya 20 faiz səviyyəsindədir. Belə ki, bu ölkələrdə istehsal prosesləri dayanır, milli gəlirlər azalır. Bu da yeni iqtisadi böhranı yaxınlaşdırır”, – deyə Milli Məclisin deputatı bildirib.

Dünyada baş verən bu mənfi meyillər fonunda Azərbaycan iqtisadiyyatı öz inkişaf tempini qoruduğunu, dövlət büdcəsinə yenidən baxılması üçün yeni imkanlar açıldığını diqqətə çatdıran A.Badamov xatırladıb: “Cari ilin 6 ayının sosial-iqtisadi yekunlarına diqqət yetirəndə görürük ki, qeyri-neft iqtisadiyyatı 3, qeyri-neft sənayesi isə 6,5 faiz artıb. Bu artımlar qeyri-neft sektorunda yeni istehsal sahələrin dövriyyəyə qoşulması və məhsul istehsalının artması ilə bağlıdır. İstehsal proseslərinin effektiv qurulması sayəsində mal ixracımız artır və bu da ölkənin xarici ticarət dövriyyəsində 10 milyard dollara qədər profisitin yaranmasını şərtləndirib. Dövlətimizin başçısının hökumət qarşısında qoyduğu vəzifələrin uğurla icrası nəticəsində ölkəmizin iqtisadi imkanları genişlənərək xarici dövlət borcunun 6,5 milyard dollar səviyyəsinə enməsinə və milli valyutamızın sabit qalmasına yol açıb. Milli valyutanın məzənnəsinin sabit qalması bir-başa vətəndaşların sosial rifahına müsbət təsir göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə cari ilin yanvar-may aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 11,1 faiz artaraq 917 manat təşkil edib.

Bu artım ölkə əhalisinin ümumi gəlirlərinin artmasında öz əksini tapıb. Milli valyutanın dəyərinin sabit qalması, əhalinin gəlirlərinin artması və inflyasiyanı ilin sonuna qədər birrəqəmli ifadəyə endirilməsinin proqnozlaşdırılması ölkədə ümumi sosial vəziyyətinin yaxşılaşmasının göstəricisidir.

Prezident İlham Əliyevin müşavirədə ölkəmizin əlverişli coğrafi mövqeyinin yaratdığı nəqliyyat imkanlarına da toxunduğunu bildirən Milli Məclisin deputatı əlavə edib: “Bu gün Azərbaycan ərazisindən daşınan beynəlxalq yüklərin həcmi artmaqdadır. Bu gün ölkəmizin iqtisadiyyatı dinamik inkişaf edir. Amma gələcəkdə bu dinamikanı qorumaq və daha yüksək nəticələrə nail olmaq üçün dövlətimizin başçısının müşavirədə səsləndirdiyi istiqamətlər inkişaf etdirilməlidir. Bəli, iqtisadiyyat gücləndikcə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və Ordunun gücləndirilməsi üçün yeni imkanlar açılır. Bu gün Azərbaycan heç kimdən asılı olmayan, öz sözünü sərbəst şəkildə ifadə edən ölkədir. Bu yeni imkanların təməlində Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi müstəqillik dayanır”.