Bu gün onların peşə bayramıdır

Avqustun 23-ü Azərbaycan Respublikasında xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramı günüdür.

XALQ.AZ xəbər verir ki, 1993-cü il ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin yaradıldığı gün – avqustun 23-ü ölkəmizdə xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramı günü kimi qeyd olunur.

Ölkəmizdə xüsusi mühafizə sisteminin tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır. Cümhuriyyətin parlamentinin 1919-cu il fevralın 18-də keçirilmiş 15-ci iclasında Azərbaycan parlamentinin mühafizə dəstəsinin yaradılması haqqında qanun qəbul edilib. Qanunda parlamentin ixtiyarında olan “Məclisi Məbusan Xassə Qoruyucu Bölüyü” yaradılıb. Əvvəllər 1-ci tatar alayının rotmistri vəzifəsində xidmət etmiş podpolkovnik Nağı Əlizadə mühafizə bölüyünün rəisi vəzifəsinə təyin olunub.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xüsusi mühafizə xidməti bir çox dəyişikliklərə uğrasa da, zəruri qurum kimi inkişafını davam etdirib. Belə ki, 1931-1935-ci illərdə Xalq Daxili İşlər Komissarlığının mühafizə şöbəsi, 1936-1972-ci illərdə Bakı şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsinin 2-ci Divizionu, 1972-ci ildən 1991-ci ilə qədər Azərbaycan SSR Daxili İşlər Nazirliyinin Partiya-sovet orqanlarını mühafizə şöbəsi fəaliyyət göstərib. Bu qurum 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sentyabrın 25-dən dekabrın 5-dək Prezident Aparatı yanında Mühafizə İdarəsi kimi fəaliyyət göstərib. Həmin il dekabrın 5-dən isə yenidən Daxili İşlər Nazirliyinin tərkibində Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə şöbəsi kimi fəaliyyətini davam etdirib. 1992-ci il fevralın 25-də Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tərkibində Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarını Mühafizə şöbəsi birləşdirilib və Azərbaycan Respublikasının Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə İdarəsi yaradılıb.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü il iyunun 15-də siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, xüsusi dövlət mühafizəsi sahəsində də yeni mərhələ başladı. Bu sistemin fəaliyyətində ən uğurlu və parlaq səhifələr məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən ümummilli lider Heydər Əliyev 1993-cü il avqustun 23-də Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə İdarəsi ilə 1991-ci il dekabrın 25-də yaradılmış Azərbaycan Respublikasının Milli Qvardiyasının bazasında Azərbaycan Respublikasının Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin yaradılması haqqında Fərman imzaladı. Dahi şəxsiyyət sentyabrın 20-də imzaladığı Fərmanla Baş Mühafizə İdarəsinin Əsasnaməsini və strukturunu təsdiqlədi.

Ulu öndər Heydər Əliyevin ölkəmizdə xüsusi mühafizə sisteminə diqqət və qayğı siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu sahə sürətlə inkişaf edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il martın 16-da imzaladığı “Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman ölkəmizdə bu sahədə fəaliyyətin müasir dövrün tələbləri nəzərə alınmaqla yenidən qurulması baxımından mühüm addım oldu. Fərmana əsasən, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilərək onun əsasında üç dövlət orqan – Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi yaradılıb.

Xüsusi mühafizə sisteminin şəxsi heyəti Azərbaycan Respublikasının ərazi bütövlüyü, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması, respublikamızda baş verə biləcək terror aktlarının qarşısının alınması kimi ən mühüm sahələrdə daim nümunəvi fəaliyyəti və fədakarlığı ilə diqqəti cəlb edib. Birinci Qarabağ müharibəsində şəxsi heyətdən 13 nəfər şəhid olub, 21 nəfəri itkin düşüb, 55 nəfər isə ağır yaralanıb. Yaralanan hərbi qulluqçulardan 15 nəfəri əlil olub. Milli Qvardiyanın Alay komandiri Əfqan Qaraxan oğlu Hüseynov göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 15 yanvar tarixli Fərmanı ilə (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, çavuş Hacəliyev Camal Şakiroviç isə (ölümündən sonra) “Hərbi xidmətə görə” medalı ilə təltif olunub. Milli Qvardiyada Əfqan Hüseynovun büstünün açılışı mərasimində ulu öndər Heydər Əliyev şəxsən iştirak edib.

Qürurverici haldır ki, milli dövlətçiliyimizin qorunması işində mühüm yer tutan xüsusi dövlət mühafizə sistemində çalışan əməkdaşların fədakar və nümunəvi fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən daim diqqət yüksək qiymətləndirilir. Dövlətimizin başçısının avqustun 21-də imzaladığı Sərəncamla xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin 43 əməkdaşının təltif olunması bu sahədə çalışan əməkdaşların fəaliyyətinə verilən ali diqqət və qayğının bariz göstəricisidir. Həmin Sərəncama əsasən, Xidmətin əməkdaşlarından 5 nəfər “Vətən uğrunda”, 9 nəfər “İgidliyə görə”, 29 nəfər isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Azərbaycanın xüsusi mühafizə sisteminin çoxminli kollektivi də bu ali etimadı nümunəvi xidmətləri ilə daim ən yüksək səviyyədə doğrultmağa çalışır, ölkəmizin təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verirlər.