“Bu, İsrail- Fələstin arasında olan ilk müharibə deyil”- Deputat

“Bu, İsrail- Fələstin arasında olan ilk müharibə deyil. İlk olaraq İsrail-Fələstin müharibəsində ən böyük səbəbi BMT-nin zəif, dişsiz olduğunda və BMT-nin qəbul etdiyi qərarları keçirə bilməməyində görürəm. Biz son 30 ildə bütün bunlarla üz-üzə gəldik və gördük ki, Azərbaycana qarşı aqressiyanın önünü BMT ala bilmədi. Başda cənab Prezident İlham Əliyev olmaqla Azərbaycan bütün qərarları özü həyata keçirdi”. Bu sözləri deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, bir çox ekspert və siyasi liderlər hər biri eyni sözü deyir ki, BMT-nin özündə böyük islahatlar getməlidir: “BMT ya İsrail-Fələstin kimi dünyəvi problemləri kökündən həll etməli, ya da BMT-də güclü islahatlar getməlidir və qaçınılmaz bir haldır”.

Rüfət Quliyev sözlərinə belə davam edib: “Fələstinə humanitar yardımdan başqa ən azı 700 milyon avro Avropa Birliyi köməklik göstərir. Bəs, bu pullar hara gedir? Bu pullar Fələstindəki 2 milyon insanın inkişafı və BMT layihələrini həyata keçirmək üçün lazım idi. Şübhə var ki, bu vəsaitlərin çoxu silahlanmaya, hərbi təlimə gedir və sonra anti-İsrail məqsədləri ilə qayıdır.

Düşünürəm ki, dünyanın aparıcı siyasətçiləri papağını qabağına qoyub düşünməlidirlər. İstər İsrail-Fələstin, istərsə də başqa problemlərdə BMT-nin rolu çox olmalıdır. Problemləri özbaşına buraxmaq olmaz, həll etmək lazımdır. Mülki insanlar müdafiə edilməlidir. Məntiqsiz bir hərəkətdir ki, BMT-də 200 ölkə qeydiyyatdan keçib və qərar verirlər. Amma bu qərarlar həyata keçirilmir.

Düşünürəm ki, İsrail mülki insanların və əsgərlərinin qanını yerdə qoymayacaq. Keçən dəfə də belə olmuşdu. Müharibələrin hər biri İsrailin qələbəsi ilə yekunlaşmışdı. Əsas mülki insanların təhlükəsizliyidir. Bunun üçün BMT-nin verdiyi qərarlar həyata keçirilməlidir”.