“Bu layihə Azərbaycanı Naxçıvanla və oradan Türkiyə ilə quru yolla bağlantı yaradacaq”

“Azərbaycanın Zəngilan rayonunun Ağbənd qəsəbəsindən İran üzərindən Naxçıvanla əlaqə yaratmaq planının çox əhəmiyyətli layihə olduğunu hesab edirəm”. Bu sözləri   deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, bu layihə Azərbaycanı Naxçıvanla və oradan Türkiyə ilə quru yolla bağlantı yaradacaq: “O cümlədən bu yol vasitəsilə beynəlxalq daşımaların da həyata keçirilməsi nəzərdə tutulur.

Bu layihənin istifadəyə verilməsi Böyük İpək Yolunun tərkib hissəsi olan Qərb-Şərq nəqliyyat dəhlizinin imkanlarını genişləndirəcəkdir. Rusiyadan və Asiyadan gələcək yüklər Naxçıvan üzərindən Türkiyəyə və Avropaya çatdırılmasında yeni imkanlar formalaşacaqdır. Beləliklə, İran üzərindən yeni marşurutun istifadəyə verilməsi ölkələrimiz üçün əhəmiyyətli olmaqla yanaşı regionumuzun beynəlxalq əhəmiyyətini daha da artıracaq”.