“Bu məktəb Qarabağda quruculuq işlərinə Özbəkistanın qardaşlıq hədiyyəsidir” – Deputat

Səbinə Xasayeva

Milli Məclisin deputatı

Dövlətlərarası münasibətlər rəsmi səfərlərlə daha da möhkmlənir. Belə münasibətlər siyasi əla­qələrin təzahürüdür və dünyəvi proseslərdə də kifayət qədər hiss olunur. Türkdilli xalqların ikitərəfli və çoxtərəfli əlaqələri tarixən qarşılıqlı inkişafda müəyyən əhəmiyyətə malik olub.

Azərbaycanla Özbəkistan arasında belə münasibətlərin tarixi dövlət müstəqilliyinin bərpası ilə səsləşir. Bu iki dövlət arasında istər siyasi, istər iqtisadi, istərsə də mədəni əlaqələrin inkişa­fın­da, genişləndirilməsində, formalaşmasında böyük tarixi şəxsiyyət Heydər Əliyevin və Özbəkistan Respub­li­ka­sının sabiq Prezidenti İslam Kərimovun böyük, müstəsna xidmətləri olub. İslam Kəri­mo­vun 1996-cı ildə Azərbaycana səfəri,  Ümummilli Lider Heydər Əliyevin 1997-ci ildə Özbəkis­ta­na səfəri iki ölkə arasında münasibət­lə­rin strateji istiqamətlərini müəyyənləşdirmişdi. 1996-cı il ma­yın 26-27-də Azərbaycanda iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, o cüm­lə­dən “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haq­qında müqavilə” imzalanmışdı.

Ermənistan A­zərbaycandan ərazi iddia edirdi. Bu iddia elan edilmədən başlayan müharibəyə səbəb ol­muş­du. Ermənistan işğalçı dövlət kimi Azərbaycanın 20 faiz ərazisini işğal etmişdi. Həqiqətə, tarixi ədalətə həmişə sayğı ilə yanaşan Özbəkistan işğalçılığa etiraz kimi Ermənistanın xarici siyasətini siyasi qərarı ilə cavablandırdı: Özbəkistanda çoxsaylı erməni icmasının yaşamasına baxmayaraq, Özbəkistanda Ermənistan səfirliyi və Ermənistanda Özbəkistan səfirliyi fəaliyyət göstərmir.

Ortaq tarixi, dini, mədəni köklərə malik olan iki xalq arasında tarixən ədəbiyyat, mə­də­niy­yət, incəsənət sahələrində qarşılıqlı inteqrasiyalar əhəmiyyətli olub. Dahi özbək mütəfək­kiri Əlişir Nəvai “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq yazıb.

Avqustun 22-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri də bu münasibətlərin məntiqi davamıdır.

Səfər çərçivəsində Ali Dövlətlərarası Şuranın yaradılması ba­rə­də müqavilə imzalandı. Bu, iki ölkə arasında münasibətlərin yüksək səviyyəsinin, qar­daşlıq münasibətlərinin kifayət qədər geniş olmasının göstəricisi kimi ta­rix­ləşdi.

Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı tarixi Zəfər dünyəvi pro­ses­lərə də təsir göstərdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinə başlanıldı. Quruculuq işləri tarixi Zəfərin davamı kimi aparılmaqdadır. Türkiyə quruculuq işlərində də Azərbaycanın yanındadır. Bu dünyəvi prosesə Azərbycanın xarici siyasətinə böyük ehtiramı olan dövlətlər də qoşuldu. Onların sırasında Özbəkistan da var.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə məktəb inşa olunub. Bu amil qardaşlıq, həmrəylik və dəstək kimi ta­rix­ləşdi. Bu məktəb orta əsrlər özbək riyziyyatçısı, astronomu, böyük alimi, hökmdarı Mirzə Uluq­bə­yin adını daşıyır. Bu məktəb həm də iki xalq arasında dostluğun­ və qar­daş­lığın daha bir mərkəzi olacaq. Mirzə Uluqbəyin adını daşıyan bu məktəb Qarabağda quruculuq işlərinə Özbəkistanın qardaşlıq hədiyyəsidir.

İki dövlət başçısı arasında geniş tərkibdə görüş­ başa çatdıqdan sonra “Mədəniyyət sa­həsində əməkdaşlıq haqqında Protokol”, “Energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi haqqında Saziş”, “Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının Katibinin Xidməti ilə Özbə­kistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının Aparatı arasında əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsi” və s. kimi sənədlər im­za­la­ndı.

İki qardaş ölkənin qarşılıqlı münasibətlərinin bu səviyyədə inkişafında Prezidentlərin şəxsi münasibətlərinin də təsiri var. Hər iki Prezident müxtəlif beynəlxalq tədbirlərdə də tez-tez görü­şür­lər.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri iki dövlət arasında qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsində mühüm əhəmiyyətə malik tarixi hadisə oldu.