Bu məsələdə milli maraqlarımıza uyğun şəkildə həll olunacaq

Sovet dönəmində Ermənistan SSR-in Azərbaycan SSR ərazisindəki anklavı olan Başkənd hazırda Gədəbəy rayonuna aiddir. Anklav ərazilərdən ən böyük kənd sayılan bu kənd Ermənistanın inzibati-ərazi bölgüsünə görə, Geqarkunik vilayətinə məxsusdur. Ekspertlər isə hesab edir ki, bu məsələnin müzakirəsi hər tərəfli formada edilməlidir.

 

Anklav olmayan dörd kəndin əvəzinə Ermənistanın Başkəndi “öz anklavı”kimi geri istəməsi ilə bağlı  millət vəkili Cavanşir Feyziyev açıqlama verib.

Millət vəkili vurğulayıb ki, delimitasiya və demarkasiya üzrə müvafiq komissiyanın rəhbərləri tərəfindən aydın və birmənalı açıqlama verilənədək vətəndaşlar tərəfindən irəli sürülən bütün həll variantları fərziyyədir və Azərbaycanla Ermənistan arasında aparılan danışıqların real məzmununu əks etdirmir:

Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı aparılan danışıqların məzmunu əsasən qapalıdır. Doğrudur, bu danışıqlar zamanı müzakirə olunan ayrı-ayrı məsələlər bəzən bu və ya digər tərəfin publik çıxışlarında açıqlanır. Lakin birmənalı fikir yürütmək üçün belə açıqlamalar kifayət etmir. Ona görə də Başkənd Gədəbəy rayonu ərazisində XIX əsrin ortalarında salınmış və indiki Ermənistan sərhədindən 18 km aralıda Azərbaycan ərazisində yerləşən bir kənddir. Başkəndin Ermənistanın işğalı altında qalan digər Azərbaycan eksklavlavları ilə dəyişdirilməsi ideyasını ilk dəfə Nikol Paşinyan 2021- ci il seçkiləri zamanı səsləndirib. Lakin Azərbaycanın rəsmi dairələri tərəfindən bu ideyaya heç bir münasibət bildirilməyib. Bu günə sərhədlərin müəyyənləşdirilməsi üzrə aparılan danışıqlarda əldə olunmuş razılaşma ondan ibarətdir ki, bu mərhələdə yalnız Azərbaycan-Ermənistan sərhədində yerləşən və işğal altında olan, eksklav olmayan 4 kəndin qeyd-şərtsiz Azərbaycana qaytarılması qərara alınıb”. Cavanşir Feyziyev tarixə nəzərən xatırladıb ki, beş min hektar ərazini əhatə edən Başkənd bütün müasir Ermənistan ərazisi kimi tarixi Azərbaycan torpağıdır. Millət vəkili onu da qeyd edib ki, indiki Ermənistan ərazisində həm tarixən, həm də bu gün de-yure Azərbaycan ərazisi olan Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki kəndləri yerləşir ki, onlar da bizim eksklav ərazilərimizdir:

“Tarixdə eksklav ərazilərin qarşılıqlı razılaşma əsasında mübadiləsi təcrübəsi də var. Lakin Azərbaycan dövlətinin təklifi ilə eksklav ərazilərin taleyinin delimitasiya prosesinin daha sonrakı mərhələlərində tərəflər arasında müzakirə olunması qərara alınıb. Ona görə də müxtəlif ictimai diskussiya məkanlarında və mətbuat vasitələrində ərazi mübadiləsi ilə bağlı bu gün irəli sürülən bütün iddialar əsassızdır. Heç şübhə yoxdur ki, Azərbaycan hökümətli bütün məsələlərin, o cümlədən eksklavların qaytarılması məsələsinin milli maraqlarımıza uyğun şəkildə həll olunmasını təmin edəcək”.