“Bu oyunda Paşinyan əvvəlcədən günah keçisi kimi seçilmişdi”

XALQ.AZ Milli Məclisin deputatı Ülvi Quliyevin Modern.az-a müsahibəni təqdim edir:


Sual:
 – Ülvi müəllim, Ermənistanın dövlət sərhəddinin Tovuz istiqamətində törətdiyi növbəti hərbi-siyasi təxribatla bağlı vətəndaş cəmiyyətindən mediaya verilən açıqlamalarda birmənalı şəkildə bildirilir ki, düşmən bu təxribatı təkbaşına etməyib. Siz necə düşünürsünüz?

Cavab: – Ermənistan heç vaxt təkbaşına hərəkət etməyib. Qarabağın işğalında da tək olmayıb, ötən illər ərzində torpaqlarımız yalnız erməni hikkəsinə və ya erməni ordusunun gücü, bacarığı hesabına işğal altında qalmayıb. Elə təkcə bu səbəbdən vətəndaş cəmiyyətindən gələn açıqlamalar da anlaşılandır və həqiqəti əks etdirir. Lakin həqiqət yarımçıq olmamalıdır. Rəsmi dairələrin hansısa məqamları pərdə arxasında saxlamalarını, konkretliyə varmamalarını, onları ictimailəşdirməmələrini anlamaq olar. Lakin, zənnimcə, vətəndaş cəmiyyətinin bəlli bir kəsimi tərəfindən konkretliyə gedilə, pərdə arxasından açıq-aşkar görünən məqamlar deyilə bilər. Bəlkə də daha açıq şəkildə deyilməlidir. Şübhəsiz ki, Ermənistan törətdiyi hərbi-siyasi təxribatda tək deyil. Yalnız icraçı da deyil. Həm də həmmüəllifdir, doğrudur, həmişə olduğu kimi həmmüəlliflərdən kiçiyidir. Türkiyə Prezidenti cənab Ərdoğan son açıqlamalarından birində bu məsələyə belə bir eyham vurdu: “Bu hücum Ermənistanın çapını aşan bir hadisədir.” Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ermənistana xitabən dediyi fikirlər də təsadüfi deyildi: “ Gəl bizimlə təkbətək vuruş, təkbətək, baxaq görək bunun axırı necə olacaq…” Bir daha təkrar edirəm ki, ali rəsmi dairələrin dövlət, regional təhlükəsizlik və geosiyasi maraqlar baxımından diplomatiya dilindən istifadə etmələrini, ünvanı konkret göstərməmələrini anlayışla qarşılamaq lazımdır.

Sual: – 2016-cı ilin Aprel döyüşlərində Ermənistan üzv olduğu KTMT-yə müraciət etsə də, müsbət cavab almamışdı. Nə əcəb Paşinyan bunu, eləcə də rəsmi Moskvanın ona olan, yumuşaq desək, antipatiyasını biləbilə avantüraya qol qoydu?

Cavab: – 2016-cı ildə Aprel döyüşləri ErmənistanAzərbaycan dövlət sərhəddində deyil, Qarabağda – beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan bölgədə gedirdi. KTMT bu döyüşlərdə Ermənistan tərəfində açıq şəkildə iştirak edə bilməzdi. Düşünürəm ki, Ermənistanın bugünkü hakimiyyəti həm də buna aldandı. Ona görə də hərbi təxribatını bizimlə sərhədə keçirdi. Paşinyanı koronovirus pandemiyası dövründə dərinləşən iqtisadi problemlərdən, bu səbəbdən artan daxili narazılıqlardan daha çox başqa məsələ narahat edir: Ermənistanın sabiq prezidentləri Koçaryan və Sərkisyandan fərqli olaraq, döyüşçü imicinin olmaması. Bu bir tərəfdən. Digər tərəfdən, Paşinyan özünün müxalifətçiliyi dövründə bu iki şəxsin ikisini də Qarabağ siyasətinə görə kəskin tənqid edirdi, hətta yaxın siyasi çevrəsinə daxil olanların dili ilə Qarabağı Azərbaycana qaytarmaqdan başqa çıxış yolunun qalmadığını açıq şəkildə dedizdirirdi. Məsələn, 2016-cı ilin Aprel döyüşlərindən sonra Ermənistan parlamentinin tribunasından Paşinyanın tərəfdarları Sarkisyandan bunu tələb edirdilər. Bununla da Paşinyanın guya sülhsevər, qərbyönümlü imici formalaşdırılırdı. Onun bu mövqeyi siyasi rəqibləri tərəfindən unudulmayıb, daxili auditoriyada indi tez-tez erməni cəmiyyətinin yadına salınır.

Paşinyan həm Qərb, həm də Rusiya ilə münasibətdə ikibaşlı, riyakar oyununu davam etdirib onların ikisini də son hərbi təxribatdan sonra konkret seçim qarşısında qoymağı hədəfləmişdi. Lakin bayaq dediyim kimi, o, bu təxribatın kiçik həmmüəllifi idi. Bu oyunda Paşinyan əvvəlcədən günah keçisi kimi seçilmişdi və nəticədə konkret seçim qarşısında məhz o, qalmalı idi. Yəqin ki, bu günlərdə milliyətcə erməni olan rusiyalı jurnalist Marqarita Simonyanın Paşinyana və onun yaxın ətrafına ünvanladığı mesajla tanışsınız. O, sıradan bir jurnalist deyil. Kremlin informasiya sahəsində siyasi təbliğatını etibar edib etimad göstərdiyi, çox ciddi büdcə ilə təchiz edilən media-holdinqlərindən birinin rəhbəridir. Siyasi təbliğatda əsas yer tutan 3-4 nəfərdən birisidir. Simonyanın Paşinyana ünvanladığı uzun mesaj belə bitirdi: “… bütün bunlardan sonra Rusiyanın sizə tüpürmək və sizi əzmək üçün tam mənəvi haqqı var. Ancaq o bunu etməz. Mən əminəm. Bu dəfə də kömək edəcək”. O, haqlı çıxdı. Görünən odur ki, Paşinyan seçim etməyə məcbur oldu. Həm də bu səbəbdən erməni lobbisinin, daşnak partiyasının ciddi cəhdlərinə baxmayaraq, ABŞ Konqresində Azərbaycanın mövqeyini müdafiə edən düzəlişlər qəbul olundu. Ermənistan ərazisində isə Rusiya hərbçilərinin iştirakı ilə hava hücumundan müdafiə sahəsində əvvəlcədən planlaşdırıldığı deyilən birgə hərbi təlimlərə başlanıldı… Lakin Paşinyan yenə də özü-özünü aldadır. Dəstək onun hakimiyyətinə yox, Ermənistana verilir.