“Bu, Prezident İlham Əliyeivn humanistliyindən, insanların sağlamlığına göstərdiyi diqqət və qayğıdan xəbər verir”

“Azərbaycan Prezidenti İlham Əliyev həm pandemiyaya qarşı mübarizədə, həm də dünyada sülhün və əmin-amanlığın qorunması məsələsində dünya liderləri arasında ən qabaqcılı olduğunu sübut etdi”.

Bunu  açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev Prezident İlham Əliyevin Ümumdünya Səhiyyə Assambleyasının mayın 31-də keçirilən 74-cü sessiyasındakı çıxışı barədə danışarkən deyib.

Deputat bildirib ki, bir çox liderlərdən fərqli olaraq, koronavirusun yayılmağa başladığı ilk vaxtlardan İlham Əliyev pandemiyaya qarşı mübarizədə bütün dünyanın həmrəy olması təşəbbüsü ilə çıxış edib: “Ümumiyyətlə, cənab Prezidentin belə bəşəri ideyalarla çıxış etməsi birinci dəfə deyil. Həm Azərbaycan Prezidenti, həm də Qoşulmama Hərəkatının sədri kimi İlham Əliyevin bu addımı, əlbəttə ki, alqışlanmalıdır. Bildiyimiz kimi, liderimizin təşəbbüsü ilə bir neçə ay öncə BMT-nin xüsusi sessiyası çağırıldı və bəyan edildi ki, bütün dünya dövlətləri pandemiyaya qarşı mübarizədə birləşməlidirlər. Bu, bəşəriyyəti narahat edən ümumi bir bəladır, ona görə də bərabər mübarizə aparmaq lazımdır. Baxmayaraq ki, pandemiya ölkəmizdə iqtisadiyyatımıza müəyyən mənada mənfi təsir göstərdi və dövlətimiz Vətən müharibəsi dövrünü yaşayırdı, lakin yenə də İlham Əliyev problemin həlli üçün bir çox ölkələrə ianə etdi, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına yardımlar ayırdı. Bu, ölkə rəhbərinin humanistliyindən, insanların sağlamlığına göstərdiyi diqqət və qayğıdan xəbər verir”.

T.Rzayevin sözlərinə görə, Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasındakı çıxışı zamanı da cənab İlham Əliyev bir daha vurğuladı ki, vaksinlərin bölüşdürülməsi məsələsində ədalətlilik prinsipi qorunmalıdır: “Bildiyimiz kimi, bir cox ölkələr xüsusilə əvvəllər də vaksin almaqda müəyyən çətinliklər yaşadı, bəzi qeyri-normal davranışlar sərgiləndi, bir sıra Avropa ölkələri vaxtında vaksin almağa müvəffəq olsalar da, kasıb dövlətlər bu prosesdən müəyyən qədər kənarda qaldılar. Cənab Prezident bu barədə obyektiv mövqeyini ifadə edərək bildirdi ki, vaksinlər dünya dövlətlərinin hər birinə lazım olan miqdarda çatdırılmalıdır. Təkrar edirəm, ölkənin iqtisadi durumu, Vətən müharibəsi ilham Əliyevin humanizmini bir daha ortaya qoydu. Həm pandemiyaya qarşı mübarizədə, həm də sülhün və əmin-amanlığın qorunması məsələsində dünya liderləri arasında ən qabaqcılı olduğunu sübut etdi. Hesab edirəm ki, dünya ictimaiyyəti də bunu anlayır və hər zaman qiymətləndirir. Çünki 44 günlük müharibədə bir çox ölkələrin Azərbaycana verdiyi dəstək bir daha təsdiq etdi ki, həyata keçirilən siyasət düzgün və düşünülmüş siyasətdir. Bu, nəinki Azərbaycanın milli maraqlarına, eləcə də dünyada sülhün qorunmasına xidmət edir. Bu mənada, biz ölkə rəhbərinə daha böyük uğurlar arzu edirik!”

Qeyd: Mayın 31-də Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyası baş tutub.