“Bu qədər alçaqlıq, vicdansızlıq ola bilər?!” Prezidentin məmurlara sillə kimi dəyən çıxışı millət vəkilini dilə gətirdi”

Son illər bir çox yüksək vəzifəli məmurlar, yerli və mərkəzi icra orqanlarının rəhbərləri, eyni zamanda, sabiq rəhbərlər, nazirlər, icra başçıları cinayət məsuliyyətinə cəlb ediliblər”.

Bu sözləri ötən gün Cəlilabad və Şəmkir Rayonlarına yeni təyin edilən icra başçılarını vəzifələrinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edən prezident İlham Əliyev deyib. Ölkə rəhbəri qəbulda səsləndirdiyi fikirlərlə hər bir məmura sözün əsl mənasında sillə vurub:

“Nəyə görə? Törətdikləri cinayətlərə görə, əməllərə görə. Hər kəs bilməlidir ki, heç kim məsuliyyətdən canını, yaxasını qurtara bilməz. Əgər məmurlar öz işində yenə də bu çirkin əməllərdən əl çəkməsələr, onların da aqibəti eyni olacaq. Bir neçə rayonun icra başçıları hətta sosial cəhətdən ən həssas təbəqənin nümayəndələrindən də pul, rüşvət almışlar. Mənim təşəbbüsümlə ən həssas təbəqə üçün yüz minə yaxın ödənişli ictimai iş yeri açılıbdır və orada məvacib minimum əməkhaqqına bərabərdir. Bunları da çox görüblər o insanlara və onların da ödəniş kartlarını öz kabinetlərində saxlayaraq oradan pul çəkmişdilər. Yəni bu qədər vicdansızlıq ola bilərmi?. Dəstəyə, sosial müdafiəyə ehtiyacı olan ailələrə Heydər Əliyev Fondu tərəfindən göndərilən humanitar yardımın da dalına keçirlər. Bu qədər alçaqlıq, vicdansızlıq ola bilər?! Bu insanlar özlərini biabır edirlər, bizim iqtidarımıza ləkə vururlar. Əgər kimsə hesab edir ki, bu, onlar üçün nəticəsiz qalacaq, səhv edir”.

Ölkə başçısının bu çıxışının bütün məmurlara, icra orqanlarına xəbərdarlıq olduğunu deyən millət vəkili Jalə Əliyeva 1news.az-a bildirdi ki, ölkədə şəffaflığın təmin edilməsi, ədalət prinsipinin bərqarar olması və ölkə başçısının hər zaman kreativ məsələ kimi önə sürdüyü insan kapitalının üstün yerə çıxması üçün dövlət səviyyəsində bütün addımlar atılır:

“Təəssüf ki, bəzi məmurlar vəzifələrini tam olaraq dərk etmirlər. Onlar səlahiyyətlərindən sui-istifadə edirlər. Bunun da əlbəttə ki, ölkə rəhbəri tərəfindən vaxtında qarşısı alınır. Əgər vətəndaşın problemləri həll edilmirsə, vətəndaş məmnuniyyətsizliyinə səbəb olan hansısa hallar baş verirsə, biz bunun qarşısını vaxtında almalıyıq. Baş verən hadisələrdən hər bir məmurun dərs götürməyi vacibdir. Heç kim düşünməsin ki, məndən ötdü, başqasına dəydi prinsipi ola bilər. Heç kim məsuliyyətdən kənarda qala bilməz. Baş verən hadisələrin gedişi onu göstərir ki, hazırda qədəm qoyduğumz mərhələ vətəndaşla çalışan qrumlardan böyük məsuliyyət, ədalətlilik, mərhəmətlilik və peşəkarlıq tələb edir. Bax bu prinsiplər bir cəmiyyətin idarə edilməsində hər zaman önə sürülüb”