Bu qatı cinayət indiyədək genosid aktı kimi beynəlxalq hüquqi qiymətini almayıb…

Azərbaycanın zaman-zaman torpaq itkilərinə, humanitar fəlakətlərə və böyük dağıntılara məruz qalması xeyli dərəcədə böyük dövlətlərin yaşadığımız Qafqaz regionu uğrunda mübarizəsinin bilavasitə və dolayı nəticəsidir.Eyni zamanda iki əsrdən artıqdır ki, bir sıra dövlətlərin xalqımıza qarşı yeritdiyi məkrli siyasətin çox təhlükəli alətinə çevrilmiş ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımlar ermənilərin havadarlarının onların əli ilə azərbaycanlılara qarşı yeritdikləri siyasətin tərkib hissəsidir. Soyqırımlar Azərbaycan xalqının məqsədli şəkildə başına gətirilən faciələrdir.Həmin faciələrimizin əsası 1813-cü və 1828-ci illərin Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanması və tarixi torpaqlarımızın bölünməsi ilə qoyulub, sonrakı dövrdə isə həmin torpaqların əlimizdən alınması prosesinə başlanılıb.Bu kontekstdə XIX-XX əsrlərdə azərbaycanlılara qarşı törədilən bütün faciəvi aktlar torpaqlarımızın zəbti ilə müşayiət olunaraq, ermənilərin və onların havadarlarının azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir.Onların arasında 1918-ci ildə törədilən soyqırım öz miqyas və qədarlığına görə təkcə azərbaycanlılara qarşı deyil,həm də insanlığa qarşı soyqırım aktı kimi xüsusi yer tutur. Bu,erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı törətdikləri soyqırımdır.

1918-ci ilin mart–aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törədilmiş soyqırım cinayətlərindən 106 il keçir. Bakı quberniyasında başlanan kütləvi qətllər və talanlar daha sonra Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvanda, Göyçədə və digər bölgələrdə davam etdirilmişdir. Yüz minlərcə azərbaycanlı erməni şovinistlərinin vəhşilik əməllərinin qurbanı olmuşdur. Təkcə 1918-ci ilin mart–iyul aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda, Göyçayda erməni mütəşəkkil silahlı dəstələri 50 mindən çox azərbaycanlını qətlə yetirmişlər. Şamaxı qəzasının 110 kəndi, Quba qəzasının 167 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin 98 kəndi dağıdılmış, yandırılmış və talan edilmiş, dinc əhaliyə qəddarcasına divan tutulmuşdur. Bunların hamısı arxasında konkret sənədlər olan tarixi faktdır.Bu yöndə mövcud olan qiymətli tarixi sənədlər erməni xəyanətini, onların insanlığa, bəşəri dəyərlərə qarşı çevrilmiş eybəcərliklərini bütün dünya qarşısında ifşa etməyə imkan yaradır.Beynəlxalq təşkilatlar ikili standartlara yol verdiyindən insanlığa qarşı törədilən bu qatı cinayət indiyədək genosid aktı kimi beynəlxalq hüquqi qiymətini almayıb. İkinci Qarabağ müharibəsindəki möhtəşəm qələbəmizi 31 Mart soyqırmından sonra da Azərbaycan xalqına qarşı davam etmiş soyqırımı siyasətini dayandırdı. İkinci Qarabağ müharibəsindəki tarixi zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması zaman-zaman ermənilərin oz havadarları ilə birlikdə xalqımıza qarşı törətdikləri soyqırımı unutdurmur, ona yeni məzmun gətirir.İkinci Qarabağ müharibəsindəki möhtəşəm qələbəmizi həzm edə bilməyən dövlət və təşkiltaların bu yöndə ədalətli bir addım atacağı real görünmür. Ona görə də yaxın illərdə bu məsələdə beynəlxalq təşkilatlardan Azərbaycanı qane edəcək ciddi nəsə gözləmək olmaz. Buna baxmayaraq biz heç vaxt öz havadarlarına arxayın olub Azərbaycan xalqına qarşı törədilmiş erməni vəhşiliklərini unutmamalı,bəşər tarixinin ən qanlı faciələrindən biri olan 31 mart-Azərbaycanlıların soyqırımına beynəlxalq miqyasda hüquqi qiymət almasına nail olmaq istiqamətində səylərimizi davam etdirməklə bu yöndə əlimizdə olan tarixi sənədlərin köməyi ilə erməni şovinizminin təkcə Azərbaycan xalqına qarşı deyil,həm də insanlığa, bəşəri dəyərlərə qarşı çevrilmiş eybəcərliklərinin bütün dünya qarşısında ifşasını davamlı olaraq genişləndirməliyik. İkinci Qarabağ müharibəsindəki möhtəşəm qələbəmizdən sonra erməni havadarları tərəfindən Azərbaycana qarşı basqıların gücləndiyi bir vaxtda bu çox vacibdir.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda savaşda canlarından keçmiş şəhidlərimizi bir daha hörmət və ehtiramla anır, ruhları qarşısında baş əyir,onlara və soyqırımı qurbanlarına Allahdan rəhmət diləyirik!

Əli Məsimli, Milli Məclisin deputatı