“Bu, sadəcə, siyasi manipulyasiyadır. Bunun başqa adı yoxdur”- Elman Nəsirov

Avropa Şurasının saytında “Avropa Maqnitski siyahısı”nın bir il müddətinə uzadılması ilə bağlı Avropa Şurasının qərarına Avropa İttifaqına daxil olmayan 10-dan çox ölkənin, o cümlədən Azərbaycan və Ermənistanın qoşulduğu barədə xəbər yayılıb. Lakin bir neçə saat sonra Azərbaycan və Ermənistan bu siyahıdan çıxarılıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın adının qərarı dəstəkləyən ölkələr siyahısına daxil edilməsi və çıxarılmasına münasibət bildirib. “Orijinal versiyada Azərbaycan və Ermənistan üçüncü ölkələr siyahısında yer alıb. Lakin bir müddət sonra onlar möcüzəvi şəkildə oradan yoxa çıxıblar. Əlbəttə, mənim fikrimcə, bu sualı Brüssel sehrbazlarına ünvanlamaq daha düzgün olardı, çünki bu, həqiqətən bir növ sehrdir. Bu, sənədlərinizin müxtəlif versiyaları ilə hoqqabazlıq edir. Brüsselin anti-Rusiya məhdudiyyətlərinə beynəlxalq normalara uyğunluq görüntüsü vermək cəhdləri qarmaq və ya fırıldaqçılıqla üçüncü ölkələri öz sanksiya tədbirlərinə cəlb etmək cəhdləri boş, qeyri-konstruktiv, əbəs hərəkətdir. Avropa İttifaqının BMT Təhlükəsizlik Şurasından yayınaraq qəbul etdiyi birtərəfli məhdudlaşdırıcı tədbirləri beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”.

Onun sözlərinə görə, “bu, Brüssel siyasətində neokolonial təfəkkürün təzahürünün ən bariz nümunəsidir və ABŞ başda olmaqla, Brüsselin himayəsi altında Qərb ictimaiyyətinin birbaşa olaraq bu prosesə qarışmaq istəmədiyi şeydir”.

“Yeganə məqsəd ölkəmizin yaxınlığında anti-Rusiya mövqelərində möhkəmlənmək istəyidir”, – deyə  o, brifinqdə bildirib.

YAP-çı deputat Elman Nəsirov rəsmi Bakının bu məsələdə mövqeyinin fərqli olduğunu bildirdi: “Məlum olduğu kimi, Avropa İttifaqı Şurası “Maqnitski siyahısı”nın üç il müddətinə, 2026-cı il dekabrın 8-dək uzadılması barədə qərar qəbul edib və həmin qərarda birliyə daxil olmayan 11 ölkənin də adı daxil edilib. Həmin ölkələr sırasında da Azərbaycan və Ermənistanın adı çəkilir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, hər iki ölkənin adı da bu qərarın lehinə səs vermiş kimi çəkilir. Sonradan Avropa İttifaqı Şurası Azərbaycan və Ermənistanın adını siyahıdan çıxarıb. Bu hadisə də təbii ki, çoxsaylı suallar yaradır. Məlum olduğu kimi, Amerika 2012-ci ilin dekabr ayında Rusiyaya qarşı “Maqnitski aktı” qəbul edib. Bu Rusiyada insan hüquqlarının kobud şəkildə pozulduğunu nəzərdə tutan aktdır. 2016-cı ilə isə, bu akt qloballaşdı və qlobal “Maqnitski aktı” qəbul edildi. Bu akt təkcə Rusiya ilə kifayətlənmir, eyni zamanda, insan hüquqlarının pozulmasında ittiham etdiyi İranı da, Çini də, Şimalı Koreyanı da, Suriyanı da əhatə edir. Düzdür, Rusiya da bunun qarşılığında Amerikaya qarşı qanun qəbul edib. İndi faktiki olaraq, Rusiya və Amerika arasındakı düşmənçilik fonunda həmin “Maqnitski qanunu”nun daha üç il uzadılmasını həyata keçirməklə əslində ABŞ Rusiyaya qarşı təzyiqləri artırır və bura digər ölkələri də cəlb etmək istəyir. Burada 11 dövlətin adının çəkilməsi də eyni məqsədə xidmət edir. Azərbaycanın bu məsələdə mövqeyi fərqlidir. Biz müstəqil dövlətik. Birləşmiş Ştatlarla Rusiya arasındakı bu sanksiyalar müharibəsində iştirak etmək niyyətimiz də yoxdur. Azərbaycanın Rusiya ilə strateji tərəfdaşlıq əməkdaşlığı var, eyni münasibət Birləşmiş Ştatlara da aiddir. Azərbaycan, sadəcə, Avropa İttifaqı və onun yüksək rütbəli məmurlarının başda xarici siyasətə cavabdeh Cozep Borrelin belə yanaşmalarını qəbul etmir. Azərbaycan və Ermənistandan istifadə etməklə adlarını “Maqnitski siyahısı”na salmaqla Rusiya ilə münasibətləri gərginləşdirmək niyyəti güdürlər. Görəndə ki, bu dövlətlər xəbərləri olmadan siyahıya salınıblar, məcbur olub siyahıdan çıxarıblar. Bu, sadəcə, siyasi manipulyasıyadır. Bunun başqa adı da yoxdur”.