“Bu sahədə ciddi nizam-intizamın yaradılmasına ehtiyac var “- Deputat

“Tikinti sektoru ölkənin sosial və iqtisadi vəziyyətinə, ətraf mühitinətəsir edən əsas sahələrdəndir. Ölkəmizin tikinti sektorunda son illər ərzində müşahidə olunan canlanma vətikinti-quruculuq işlərinin dinamik inkişafı əhalinin rifahının yüksəlməsinin bariz nümunəsidir.Təəssüflər olsun ki, tikinti sektorunun dinamik inkişafı ilə bərabər, bəzi hallarda tikinti fəaliyyətinin iştirakçıları tərəfindən şəhərsalma və tikinti sahəsində müəyyən olunmuş tələb və qaydalardan yayınmalar müşahidə olunur, nəticədə həmin tikinti obyektlərinin dayanıqlılıq və möhkəmlik baxımından istismara yararlığı ilə bağlı müayinə işlərinə cəlb edilməsi çətinləşir və əmlak üzərində hüquqların mövcud qanunvericilik çərçivəsində tanınması mümkünsüz hala çevrilir. Ona görə də bu sahədə ciddi nizam-intizamın yaradılmasına ehtiyac vardır”. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov bildirib.

Millət vəkili qeyd edib ki, qeyd edilən sahədə nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qanunvericilikdə bir sıra dəyişikliklər edilib, Prezidentin“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında”fərmanına əsasən,müvafiq addımların atılması müəyyən olunubdur. Həmin sənədin davamı kimi növbəti addım olaraq, qeyri yaşayış binalarının təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması, habelə sahibkarlıq subyektlərinin əmlakları üzərində mülkiyyət hüquqlarının tanınması prosesinin təşkil edilməsi nəzərdə tutulub. Bu məqsədilə dövlət başçısı tərəfindən “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli fərman imzalanıb. Sənədə əsasən, bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və dayanıqlılıq və möhkəmlik baxımından müayinə nəticələri müsbət olan qeyri-yaşayış təyinatlı binaların istismarına sadələşdirilmiş qaydada icazə verilməsi nəzərdə tutulur. Sadələşdirilmiş icazə rejimi Fərmanda müəyyən edilmiş göstəricilərə cavab verən bütün qeyri-yaşayış təyinatlı tikinti obyektlərinə şamil olunur. Fərmana uyğun olaraq bütün müayinə mərhələləri və eləcədə hər mərhələ üzrə dəqiq icra müddətləri müəyyən edilib. Fərmanın icrasına dair işlərin 2026-cı il iyunun 1-dək tamamlanması və həmin tarixədək istismarına icazə verilməmiş qeyri-yaşayış binalarının inşasından irəli gələn nəticələrin aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi tapşırılıb. Eyni zamanda səmərəliliyin və şəffaflığın artırılması məqsədilə 2024-cü ilin yanvar ayından etibarən fiziki və ya hüquqi şəxslər tikintiyə və ya istismara icazəni elektron portal üzərindən ala biləcəklər.

A.Hüseynov qeyd edib ki, qannunvericiliyə edilən digər dəyişiklik yerli səviyyədə dövlət şəhərsalma nəzarəti çərçivəsində yerli icra hakimiyyəti orqanlarının məsuliyyətinin artırılması, özbaşına tikililəri aşkar etməli olan şəxslərin səlahiyyətlərinin konkretləşdirilməsidir: “Belə ki, yerli icra hakimiyyətinin başçıları tərəfindən yerli səviyyədə dövlət şəhərsalma nəzarətini həyata keçirilməsi və qanunsuz tikintilərin qarşısının alınması məqsədilə məsul şəxslər təyin olunmalıdır. Həmçinin, özbaşına tikilmiş bütün tikinti obyektlərinin mühəndis-kommunikasiya sistemlərinə qoşulması qadağan edilir. Tikinti və şəhərsalma sahəsində fiziki, hüquqi və vəzifəli şəxslərin məsuliyyətinin artırılması məqsədilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində də bir sıra dəyişikliklər edilir. Dəyişikliklərə əsasən, tikintisinə icazə tələb olunan, lakin icazə olmadan inşa edilmiştikinti obyektlərinin sifarişçilərinə münasibətdə sanksiyalar artırılır, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan özbaşına inşa edilmiş tikinti obyektlərinə münasibətdə inzibati məsuliyyət və sanksiyalar müəyyən olunub. Ümumilikdə, həm nəzarətin sərtləşdirilməsi, həm də icazə icraatı istiqamətində atılan addımlar müəyyən dövrdə qanuni əsas olmadan tikilmiş qeyri yaşayış obyektlərinin təhlükəsiz istismarının təmin edilməsinə, istismara yararlı tikinti obyektlərinin qanuniləşdirilməsinə və gələcəkdə belə tikililərin ərsəyə gəlməsinin qarşısının alınmasına xidmət edir”.