“Bu tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu göstərir” – Deputat

Azərbaycanın son dövrlər dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Qoşulmama Hərəkatının daha bir tədbirinin ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu göstərir.

Bunu  Milli Məclisin deputatı Aydın Hüseynov bildirib. Deputat qeyd edib ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışında Azərbaycanın QH-yə üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərdiyini bildirib.

A.Hüseynov əlavə edib ki, Azərbaycan hökumətinin bu addımı ölkəmizin beynəlxalq sahədəki yerinin önəmini göstərir. Onun sözlərinə görə, Azərbaycan humanist məqsədlə Ümumdünya Səhiyyə Təşkilatına da yardım göstərib və təşkilata 10 milyon ABŞ dolları dəyərində könüllü maliyyə töhfəsi verib. Bu, həm də Azərbaycanın keçdiyi inkişaf yolunun, əldə etdiyi iqtisadi nailiyyətlərin göstəricisidir.

Milli Məclisin deputatı qeyd edib ki, Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə postpandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal çağırış elan etdiyini xatırladan Prezident İlham Əliyev Azərbaycanın ilk donor kimi hər iki çağırış üçün 1 milyon ABŞ dolları ayırdığını diqqətə çatdırıb.

Aydın Hüseynov bildirib ki, 2019-cu ildə ölkəmiz Qoşulmama Hərəkatının sammitinə uğurla ev sahibliyi etdiyi tədbirdə Prezident İlham Əliyev Azərbaycanın öz sədrliyi dövründə beynəlxalq hüququ və ədaləti müdafiə edəcəyini, fəaliyyətini tarixi “Bandunq prinsipləri” üzərində quracağını bəyan etmişdi.

Təsadüfü deyil ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşündə ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qoruduğunu bəyan etdi. Deputatın sözlərinə görə, 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürdüyünü xatırladan dövlətimizin başçısı qeyd edib ki, beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən məhz Qoşulmama Hərəkatı olub.