“Bu, tamamilə yanlış yanaşmadır” – Deputat

“Avropanın bəzi dövlətlərinin Ermənistanla Azərbaycan arasında aparılan sülh müzakirələrinə və ümumiyyətlə, Cənubi Qafqazın gələcəyinə, sabitliyin bərpa olunmasına, təhlükəsizliyə münasibəti birmənalı deyil. Daha çox təxribatçı, region ölkələrinin əksəriyyətinə qarşı ərazi iddiası ilə çıxış edən Ermənistanı dəstəkləməklə yeni müharibələri alovlandırırlar. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini 27 ildən sonra təkbaşına həyata keçirdi. Minsk qrupunun 27 il davam edən fərsiz fəaliyyətinə rəğmən, Azərbaycan cəmi 44 günə bu problemi həll etdi. Ədalət bərpa olundu, işğalçı ölkəyə, onların Azərbaycan ərazisində yaratdıqları separatçı quruma lazımi dərs verildi. Ən əsası, Azərbaycan vətəndaşının yurd həsrətinə son qoyuldu”. Bunu   Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat Avropa ölkələrinin, bəzi beynəlxalq təşkilatların münaqişənin həllində tutduqları yanlış mövqeyə görə onları sərt tənqid edib: “Avropa dünyada arbitr rolu oynamağa çalışır. Guya ədaləti bərpa edir, haqlının yanında durduğunu cidd-cəhdlə sübut etməyə çalışır. Bu gün ermənilərin Qarabağdan öz arzuları ilə getmələrini faciə kimi qələmə verənlər, Azərbaycanı suçlayanlar, “etnik təmizləmə”də ittiham edənlərin yaddaşlarını təzələmək, bu da təsir etməsə, o beyinləri qazmaq lazımdır ki, 1989-1993-cü illərdə Ermənistandan və Azərbaycan ərazilərindən bir milyondan artıq azərbaycanlının zorla, top-tüfənglə, silah gücünə qovulduğu faktını unutmasınlar. Bəs həmin ölkələr, həmin təşkilatlar ədaləti, insan haqqını niyə yadlarına düşmədi? Niyə bircə dəfə də olsun quru bir bəyanatla çıxış etmədilər, Ermənistanın işğalçı siyasətini qınamadılar? Əgər bunu etsəydilər, bu gün onların münasibətini anlamaq olardı. ABŞ-ın, Avstraliyanın, Kanadanın ardından Avropa İttifaqının bir sıra ölkələrinin açıq şəkildə Ermənistana dəstək nümayiş etdirməsini anlamaq olmur. Bu ölkələrin parlamentlərinin çıxardığı qərarlar qərəzli olmaqla yanaşı, həm də reallıqdan tam uzaqdır. Siyasi dəstək azmış kimi Avropa İttifaqı Ermənistana Fransanın timsalında silah satışını həyata keçirir. Müharibənin başa çatmasından ötən 3 il ərzində Azərbaycan daim sülh tərəfdarı olduğunu bildirib, qonşu ölkələrin ərazi bütövlüyünü tanıdığını elan edib, Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərpa edilməsi üçün bütün gücünü ortaya qoyub, amma bunu istəməyən qüvvələr işğalçı ölkəni yenidən silahlandırırlar. Adını isə “Ermənistanın özünü qorumaq haqqı” qoyurlar. Bu, tamamilə yalnış yanaşmadır. Həmin silahlar müdafiə yox, hücum xarakterlidirsə, deməli, müharibə də gec-tez alovlanacaq”.