Cəbrayılda mina partladı – Yaralanan var – Yenilənib

Avqustun 25-də saat 10 radələrində Cəbrayıl rayonu Hüseynalılar kəndi ərazisində minatəmizləmə işləri aparılarkən mərmi alışdırıcısının partlaması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan  bildirilib ki, hadisə nəticəsində 1999-cü il təvəllüdlü Həbib Qasımov əlindən xəsarət alıb. O, xəstəxanaya çatdırılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

***

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti Cəbrayıldakı mina partlayışı ilə bağlı məlumat yayıb.

Bildirilib ki, 2023-cü il 25 avqust tarixində Cəbrayıl rayonunun Hüseynalılar kəndi ərazisində OG-9 sursatına aid alışdırıcının partlayışı baş verib:

“Partlayış nəticəsində minatəmizləmə əməliyyatlarına cəlb edilən yerli şirkətin minaaxtaranı, 1999-cu il təvəllüdlü Qasımov Həbib Teymur oğlu xəsarət alıb. Zərərçəkəndə “Sol əlinin iç səthinin çapılmış deşilmiş yaraları, hər iki baldırın iç səthinin xırda barıt yanıqları” xəsarəti qeydə alınıb.

Xəsarət alan şəxsin vəziyyəti stabildir. Həyatı təhlükəsi yoxdur”.