“Cəbrayılın azad olunması Vətən müharibəsinin ən önəmli qələbələrindən biri idi” – Deputat

“Ölkə Prezidenti cənab İlham Əliyevin respublikamızın rayon və bölgələrinə etdiyi səfərlər həmin regionlarda aparılan abadlıq-qurucukuq işlərinin yüksək səviyyədə stimullaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Əlbəttə ki, bu səfərlər arasında dövlət başçımızın işğaldan azad edilmiş ərazilərə etdiyi səfərlər xüsusilə diqqəti cəlb edir. Bu gün Azərbaycan işğaldan azad etdiyi rayonların yenidən qurulmasını böyük vüsətlə həyata keçirməkdədir. Cənab Prezidentin səfərləri isə bu işlərin dövlətimiz tərəfindən xüsusi diqqət mərkəzində saxlandığını bir daha vurğulayır. O cümlədən dövlət başçımızın sentyabrın 28-də Cəbrayıla növbəti səfəri də bir sıra açılış və təməlqoyma mərasimləri ilə əlamətdar olub. Azərbaycanın 30 ilə yaxın erməni işğalı altında olan bütün ərazilərində olduğu kimi, Cəbrayılda da həmin dövrdə xalqımıza, dini, tarixi, mədəni irsimizə qarşı dünya tarixində misli görünməmiş vəhşiliklər törədilmişdir. 1993-cü ilin 23 avqustunda işğal olunmuş Cəbrayıl rayonunda həmin vaxt mövcud olmuş 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd erməni vandalları tərəfindən dağıdılıb, talan edilib. Erməni işğalı nəticəsində rayona ümumilikdə 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Ölkə Prezidenti cənab İlham Əliyevin Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə 2021-ci il 4 oktyabr tarixində keçirdiyi görüşdə etdiyi çıxışında dediyi kimi, artıq bütün dünya etiraf etməlidir ki, Azərbaycan təkcə özünü müdafiə etməyib, eyni zamanda erməni faşizminin belini qırıb və bütün Cənubi Qafqazı bu təhlükəli bəladan qurtarıb.”

Bu fikirləri Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.

Daha sonra deputat Cəbrayılın işğaldan azad edilməsinin Vətən müharibəsinin gedişində əldə edilmiş ən əhəmiyyətli qələbələrdən biri olduğunu vurğulayaraq bunları deyib: “Əslində Cəbrayılın azad olunması istiqamətində aparılan hərbi əməliyyatların ilk zəfəri kimi hələ 2016-cı ilin Aprel döyüşlərində əldə olunmuş qələbəni göstərmək olar. Çünki, məhz Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun uğurlu əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənimiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçmişdi. 2020-ci ildə aparılmış Vətən müharibəsinin gedişində isə şanlı ordumuz tərəfindən Cəbrayılın 1 şəhəri və 80 kəndi işğaldan azad olundu. Müharibəsinin ilk günündə, sentyabrın 27-də cəbhəni yaran ordu hissələrimiz düşməni geri çəkilməyə məcbur etdi. Həmin gün Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri işğaldan azad edildilər. Oktyabrın 4-də isə Ali Baş Komandan Cəbrayıl şəhərinin və rayonun daha doqquz kəndinin – Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabadın işğaldan azad edildiyini bəyan etdi. Bununla Cəbrayılın işğalına son qoyuldu. Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edildi. 4 oktyabr Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşdü. Cəbrayılın azad edilməsi ilə bağlı daha bir önəmli məqam bu oldu ki, bu rayonun düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edildi. Məhz Cəbrayıl əməliyyatından sonra qısa zamanda Zəngilan, Qubadlı və Laçın rayonunun cənub hissəsi ordumuz tərəfindən işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.”

Sonda Novruzəli Aslanov Cəbrayılda gedən bərpa-quruculuq işlərindən bəhs edib: “Az öncə də qeyd etdiyim kimi, Ölkə Prezidenti cənab İlham Əliyevin sentyabrın 28-də Cəbrayıla etdiyi səfər çərçivəsində rayonda aparılan yenidənqurma işləri ilə bağlı bir sıra vacib tədbirlər keçirilib. İlk növbədə dövlətimizin başçısı Cəbrayıl şəhərində Baş plana əsasən işgüzar zona kimi müəyyən olunmuş bir hektar ərazidə tikiləcək inzibati binanın təməlini qoyub. Daha sonra cənab Prezident Cəbrayıl şəhərində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi – Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış olub. Ümumi sahəsi 7,9 hektar olan yaşayış kompleksi 33 binadan ibarətdir. Həmçinin cənab Prezident İlham Əliyev səfər çərçivəsində “Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib. Qeyd edək ki, Mərkəzin təməli də 2022-ci il oktyabrın 19-da Cəbrayıl şəhərində dövlət başçımız tərəfindən qoyulmuşdu. Beləliklə, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qarabağ və Şərqi Zəngəzurun tamamilə yenidən qurulması işlərini böyük vüsətlə davam etdirir” – deyə deputat fikirlərini tamamlayıb.