Cəlilabadda ağır qəza

Qeza

Cəlilabad raonunda “Niva” ilə “Jiquli”nin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, ağır yol qəzası Cəlilabad-Yardımlı avtomobil yolunun Cəlilabad rayonunun Pərdi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 45 yaşlı Balasəm Mirzəmməd oglu Kazımovun idarə etdiyi “Niva” markalı minik avtomobililə 16 yaşlı Cavid Ramiz oglu Quliyevin idarə etdiyi “VAZ-2107” markalı minik avtomobillə sərt döngədə qarşı-qarşıya toqquşub.

Nəticədə hər iki maşın ciddi zədələnərək dəmir yığınına çevrilib. Hadisə zamanı “Niva”nın sürücüsü də daxil olmaqla, maşında olan sərnişinlər 54 yaşlı Şərqiyyə Mirzəmməd qızı Sadıqova, 44 yaşlı Kəmalə Ağadədə qızı Rəcəbova və “Jiquli”nin sərnişini, 14 yaşlı Xalid İntiqam oğlu Tarverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəzada xəsarətsiz ötüşən “VAZ-2107”nin sürücüsü isə yaralılara kömək etmək əvəzinə hadisə yerindən qaçıb. Yaralılar dərhal Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Xəstəxanada yaralılara ilk tibbi yardım göstərilib. Xəstəxanadan verilən məlumata görə, yaralılardan birinin vəziyyəti ağırdır. O, Bakı şəhərinə göndərilib.

Faktla baglı araşdırma aparılır.