Cəmil Həsənlinin sadəlövhlüyü və siyasi diletantlığı

88

 

Ənənəvi radikal müxalifətin “milli şura”sının seçkidə “parlaq” məğlubiyyətə uğramış uğursuz namizədi Cəmil Həsənli Avropa səfərindən qayıdıb.

O, guya Avropa dairələri tərəfindən ciddi bir fiqur kimi qəbul edildiyi barədə qeyri-ciddi gedişlər etməklə diqqətə gəlməyə çalışır. Buna görə də C.Həsənli Avropa səfəri ilə bağlı açıqlamalar və müsahibələrlə gündəmə gəlməyə cəhd edir. Həmçinin radikal müxalifətə məxsus mediada Cəmil Həsənlinin Avropaya səfərinin davam etdiyi, onun mühüm görüşlər keçirdiyi iddia olunur və buna nümunə kimi Avropa Parlamentində Xarici Əlaqələr Komitəsinin sədri Elmar Brok və Anna Gomeslə təmasları göstərilir. Bildirilir ki, guya bu şəxslər Avropa Parlamentinin qısamüddətli müşahidə missiyasının Azərbaycanda seçkilərin azad və ədalətli keçirildiyinə dair bəyanatı ilə razılaşmadıqlarını bildiriblər. Həmçinin görüşdə o da qeyd olunub ki, onlar sözün həqiqi mənasında şokdadırlar ki, Avropa Parlamenti (AB) və Avropa Şurası Parlament Assambleyası seçkilərdə ciddi qanun pozuntusu olduğunu iddia edən ATƏT-in uzunmüddətli müşahidə missiyasının nəticələri ilə bir-birinə bu qədər zidd bəyanatlar veriblər.

Birincisi, Cəmil Həsənli və ya “milli şura”nın digər nümayəndələri üçün xaricdə kiminlə görüşməyin heç bir əhəmiyyəti yoxdur. Çünki birinci olan Azərbaycan vətəndaşlarının, cəmiyyətinin mövqeyidir ki, bu mövqe də seçkidə bir daha aydın ifadə edildi. Ammaradikallar xaricdə hətta, hansısa süpürgəçilər birliyinin sədri ilə görüşməkdən də manipulyasiya etməyə çalışırlar. Burada əsas məqsədləri isə çox cılızdır. İstəyirlər ki, Azərbaycanda görsünlər ki, bunlar hansısa binada Cim, Toni, Edvard və digər bu kimi əcnəbilərlə görüşüblər. Dalını da düzüb-qoşmaq çox asandır. Nə var ki? Süpürgəçi Tomla görüşdün, ona bir “vəzifə” ver, adını da qoy “mühüm görüş”, öz marağında olan bir-iki kəlməni də onun adından səsləndir. Bunun yanına bir-iki qalstuklu, birgə çəkilmiş şəklini də əlavə et, hər şey “düzəlsin”.

C.Həsənlinin görüşdüyü adamlar Azərbaycanla bağlı bir-iki dəfə qətnamə qəbul etdirənlərdir. Yəqin onu çağırıb danışdırıblar ki,bir neçə gündən sonra 30-40 nəfər parlament üzvünü yığıb növbəti qətnamə qəbul etsinlər. Amma təbii ki, bunu edə bilməyəcəklər. Çünki qarşılarında seçki ilə əlaqədar Avropa Parlamenti müşahidə missiyasının rəyi var. Bu rəydə də birmənalı şəkildə bildirilir ki, Azərbaycanda prezident seçkiləri ədalətli, şəffaf və obyektiv keçirilib. Hamıya məlumdur ki, AŞPA AB-nin müşahdəçilərinin seçki ilə bağlı müsbət rəyini etiraf edir və onların ATƏTDTİB-nin rəyi ilə üst-üstə düşmədiyini bildirib. Belə olduğu halda, C.Həsənlinin şoumenliyinin nə xeryi var? Axı hamı bilir ki, bu seçki müxalifətin və onun namizədinin ən zəif olduğu seçkidir. C.Həsənli öz müqayisəsiz zəifliyini etiraf etməyi bacarmır. Amma təbii ki, buna əks arqumentləri yoxdur, ona görə də gülünc açıqlamalar və gedişlərə məcbur olur.

Seçki ilə bağlı gücsüzlüyünü və məntiqsizliyini hiss edib, görüşə “rəng qatmaq” üçün başqa məsələlərə keçən və spekulyasiyalara varan C.Həsənli müsahibəsində “siyasi məhbus”ların adını çəkəndə həbsdə separatçıların, “reket” jurnalistlərin adını da hallandırır. Həmçinin radikal dini təfriqəçiləri “vicdan məhbusları” kimi qələmə verir. O, müsahibəsində ağ yalan danışaraq iddia edir ki, guya Azərbaycan hökuməti “ateist siyasət aparır”. Halbuki Azərbaycan dini tolerantlıq və bütün dinlərə hörmət və sayğı mərkəzlərindən biri və bəlkə də birincisidir. İndiyə qədər ölkədə dövlət hesabına tikilən, təmir edilən saysız məscidlər, həmçinin kilsə və sinaqoqlar da buna bariz nümunədir. Orası məlumdur ki, bu gün müxaliflər dini elektoratın diqqətini cəlb etməyə səmərəsiz səylər göstərirlər və bu məsələdə C.Həsənli “yenilikçi” deyil. Onun şinelindən çıxdığı AXCP və digər müxalif qurumlar arasında dini kəsimin diqqətini cəlb etmək necə deyərlər, dəbdədir. Onlar dini inancdan öz məqsədləri üçün yararlanmaq istəyirlər. Ona görə də C.Həsənli də bu cür açıqlama verməklə radikal başçıları təkrarlayır. Halbuki indiyə qədər dini qrupların radikalların yanında olduqlarını müşahidə etməmişik. Çünki hamısı bilir ki, radikallar bu məsələdə olduqca qeyri-səmimilik və riyakarlıq nümayiş etdirirlər və onlaırn bu yalançı siması dini prinsiplərlə də daban-dabana ziddiyyət təşkil edir.

Yaxud Həsənli NİDA gənclərinin həbsindən danışıb. Halbuki bu quruma aid bir neçə gənc iğtişaşlar törətmək, sosial şəbəkələrdə təxribatlara çağırmaqla bağlı Milli Demokratiya İnstitutu ilə işbirliyində olduqlarını da etiraf ediblər, evlərindən “Molotov kokteyli” və sair tapılıb, bu isə onların bir çox pozucu mətləblərini açıb ortaya qoyur…

Cəmil Həsənli “Vashinqton Post” və sair ABŞ media qurumlarının adlarını çəkir, onların seçki ilə bağlı mənfi mövqeli məqalələr yazdığını sitat gətirməyə çalışır və sair. Amma anlamır ki, ABŞ-da “söz azadlığı” sadəcə bir oyundur və bu cür qəzetlər Dövlət Departamentinin göstərişlərinə əsasən hərəkətə keçiblər, eynilə də Dövlət Departamentinin tezisləri əsasında yazırlar. Bir sözlə, bu məsələdə tarixçi alimin sadəlövhlüyü, proseslərin gedişindən, mahiyyətindən baş aça bilməməsi açıq görünür. Bu adam siyasətdə diletant olduğunu elə həmin qurumların “şəffaf”lığına sadəlövhcəsinə inanmaqla da göstərmiş olur…

 

İlkin AĞAYEV