“Cənab Prezidentin bugünkü sərəncamı ilə müharibə veteranlarına qayğı daha da artırılır” – Deputat

Xəbər verdiyimiz kimi, yeni tədris ilindən müharibə veteranlarının təhsil haqqı dövlət tərəfindən ödəniləcək. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Addımı müsbət dəyərləndirən deputat Musa Quliyev  bildirib ki, bu sərəncam 10 minlərlə ailəni sevindirəcək:

“Cənab Prezidentin bugünkü sərəncamı ilə müharibə veteranlarına qayğı daha da artırılır. İndiyədək şəhid ailələri, Qarabağ qazilərinin özləri və övladları, qaçqın və məcburi köçkünlərin ailəsindən olan tələbələrin və bu kateqoriyaya aid sosial müdafiyəyə ehtiyacı olan digər şəxslərin təhsil haqqlarının ödənilməsi dövlətin sosial-humanist siyasətinin bir nəticəsidir. Bu siyahıya da bu gün cənab prezident müharibə veteranlarını da əlavə etməklə onlara da dövlət qayğısının, prezidentin şəxsi diqqətini daha da artırılmasını təmin etmiş oldu.

Hesab edirəm ki, ilk olaraq, Vətən müharibəsində xidmətlər göstərmiş və ərazi bütövlüyümüz uğrunda vuruşmuş insanlara cənab Prezidentin xüsusi hörmətinin nəticəsidir.

Digər tərəfdən, bu həm də vətənpərvərliyi artıran və dövlətə xidmətin əvəzinin həmişə dövlət tərəfindən qarşılancağını göstərən addımdır. Hesab edirəm ki, bu sərəncam 10 minlərlə ailəni sevindirəcəkdir.  Bundan sonra da gənclərimizin vətənə, hərbi xidmətə olan bağlılığını artıran təşəbbüs olacaqdır”.