“Cənab Prezidentin səsləndirdiyi hər bir fikri xüsusi məna kəsb edir”

Xalq.az xəbər verir ki, Milli Məclisin deputatı Nəsib Məhəməliyev SABAHİNFO.AZ saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik;

-Nəsib müəllim. Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi, verdiyi bəyanatlarla bağlı fikirləriz oxucularımız üçün maraqlıdır.

-Prezident İlham Əliyevin yerli telekanallara verdiyi müsahibələrin hər biri ictimai-siyasi baxımdan olduqca əhəmiyyətli hadisədir. Xüsusilə, mövcud qlobal çağırışlara müvafiq olaraq, qarşıda duran problemlərin həlli istiqamətində dövlətin apardığı siyasətin bütün aspektlərinə bilavasitə ölkə Başçısı tərəfindən aydınlıq gətirilməsi son dərəcə əhəmiyyətlidir.

Yanvarın 10-da baş tutmuş müsahibə isə, geniş məzmununa, ilk dəfə səsləndirilmiş bəyanatlara, yeni fikirlərə görə əvvəlkilərdən fərqlənirdi. Məsələn; İlk dəfə cənab Prezident Qərbi Azərbaycandan olan soydaşlarımızın 1988-ci ildə tərk etmək məcburiyyətində qaldıqları yurdlarına, indiki Ermənistana qayıtmaları üçün müvafiq tədbirlərin görüləcəyini bildirdi. Məxsusi olaraq qeyd etdi ki, həmin kəndlərdə heç kim yaşamır və azərbaycanlıların ora qayıtması Ermənistanın da marağında olmalıdır. Çünki, Ermənistan regionda yeganə monodövlətdir və müasir dünyada bu müsbət qəbul olunmur.

Sərhədlərin delimitasiya və demarkasiya məsələlərinə gəldikdə, olduqca dəqiq şəkildə ifadə etdi ki, bunda daha çox erməni tərəfi maraqlı olmalıdı, biz yox. Müharibədən sonra dəfələrlə sərhəd məsələlərinin həllinə cəhd etməyimizə baxmayaraq, ermənilər müxtəlif bəhanələrlə yayındılar. Hal-hazırkı faktiki sərhədləri biz müəyyənləşdirmişik. Bu isə, bizi qane edir.

Ümumiyyətlə, jurnalistlər tərəfindən, dövlət Başçısına ünvanlanan sualların, cəmiyyətin bütün sahələrini əhatə etdiyini vurğulamaq istərdim. Cənab Prezidentin səsləndirdiyi hər bir fikrin və yaxud sözün xüsusi məna kəsb etdiyini nəzərə alaraq, düşünürəm ki, hər bir vətəndaşımızın, xüsusilə ictimai-siyasi fəaliyyətlə aktiv şəkildə məşğul olan kəsimin, ciddi təhlillər aparmasında, və sistemləşdirərək geniş kütlələr arasında təbliğ etməsində fayda var.

Müsahibədə, İqisadiyyatdan tutmuş, sosial sahəyə, xarici siyasətə, Ordu quruculuğuna, təhlükəsizlik sisteminə, nəqliyyət-logistika, transmilli layihələrə, enerji təhlükəsizliyi, Xankəndi-laçın yolunda keçirilən aksiyaya, inflyasiya tədbirlərinə, alternativ və bərpa olunan energetika sferasına, Ermənistanla sülh müqaviləsinin imzalanmasına, qlobal güclərin regiona təsirlərinə, azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktura layihələrinə, məcburi köçkünlərin öz yurdlarına qaytarılmasına qədər, əksər mövzulara toxunuldu. Cəmiyyəti maraqlandıran suallara ətraflı cavablar verildi. Hər kəsin narahatçılığına səbəb olan əsas məsələ isə, üçüncü Qarabağ müharibəsi ilə bağlı idi. Cənab Prezidentin, “düşünmürəm ki, 3-cü müharibə olsun. Əgər ermənilər ağıllarını başlarına yığmasalar, bu onlar üçün faciə olacaqdır. Biz Ordumuzu gücləndiririk və hər şeyə hazırıq”.

Müsahibə 2023-cü ildə Azərbaycanın istər regional, istər beynəlxalq müstəvidə irəliləyəcəyi yol xəritəsini müəyyən etmək baxımından ciddi siyasi hadisə hesab edilməsi baxımından əhəmiyyətlidir. Sizcə bu yöndə nə kimi addımların atılması vacib və labüddür?

-Əvvəl qeyd etdim, Prezidentin hər bir müsahibəsi ciddi siyasi hadisədir. Son müsahibəni isə, şübhəsiz 2023-cü il üçün yol xəritəsi olaraq qəbul etmək olaraq. Dövlət Başçımız bütün sahələr üzrə görülən işləri, əldə olunan nailiyyətləri, problemləri qeyd etdi və qarşıda duran vəzifələrin, icrası üçün hökumətin apardığı siyasətin mahiyyətini açıqladı. Dövlət idarəetmə sistemində İslahatların davam etdiriləcəyi, əhalnin sosial vəziyyətinin daha da yaxşılaşdırılacağı, özünüməşğullulluq proqramlarının genişləndiriləcəyi anonsunu verdi.
Daha hansı addımların atılmasının vacibliyinə gəldikdə isə, düşünürəm ki, müsahibədən göründüyü kimi, müharibədən çıxmağımıza, işğaldan azad olunan torpaqların dövriyyəyə qaytarılması istiqamətində aparılan qlobal, çox milyardlı maliyyə tutumu olan layihələrin icrasına baxmayaraq, hökumət, kifayət qədər məhsuldar çalışır. Qarşıya qoyulan bütün vəzifələrin icrasını təmin edir.
Cənab Prezident tərəfindən planlaşdırma, mövcud qlobal çağırışlara, və daxili potensiala uyğun aparılır. Xarici siyasət, daxili siyasətlə effektiv şəkildə uzlaşdırılır.
Gənclərin sağlam, vətənpərvərlik ruhunda tərbiyə olunması, diaspora təşkilatlarının fəaliyyətlərinin təkmilləşdirilməsi, milli birliyin daha da möhkəmlənməsi üçün, dövlət tərəfindən düşünülmüş addımlar atılır. Əsas məsələ odur ki, dünyada davam edən maliyyə böhranına, müharibələrə baxmayaraq, ölkəmiz günü gündən inkişaf edir, güclənir, beynəlxalq dəstəyini artırır. Bütün bunların kökündə, Prezident İlham Əliyevin peşəkarlığı, şəxsi nüfuzu, düşünülmüş, çoxşaxəli siyasəti durur.