Cənnətə gedən yolu bilmək istərdinmi?

85

 

Həzrəti Rəsuldan rəvayətdir (s.a.s):

“ Hər şeyin çarəsi vardır. Axirət üçün olan əməllərdə dəxi çarələr vardır”, – deyərək belə buyurdu: Bir gecə səmaya çıxarıldım. Orada mənə cənnət və cəhənnəm göstərildi. Cənnəti və nemətlərini gördüm. Cəhənnəmi və əzabın növlərini gördüm.

Cəbrayıl Əleyhissalam mənə: ”Ya Məhəmməd! Cənnətin qapısı üzərində nə yazılıb bildinmi?”-deyə soruşdu.

Mən: ”Xeyr”,-dedim.

Cəbrayıl: ”Cənnətin səkkiz qapısı vardır. Hər bir qapının üzərində dörd kəlimə yazılıbdır, onun hər bir kəliməsi bilən və istifadə edən üçün dünyadan daha xeyrlidir”, – dedi.

Mən: ” Ya Cəbrayıl” Məni oraya apar”,- dedim.

Cəbrayıl məni apardı. Birinci qapının önünə gəlincə baxdım ki, orada bir yazı vardır. Cəbrayıl onu mənə oxudu: “Lə iləhə illəllah Muhamməd Rəsulullah. Hər şeyin bir çarəsi vardır. Dünyada gözəl yaşamağın çarəsi bu dörd xüsusiyyətə sahib olmaqdır:

Qənaətkar olmaq;

Kin tutmağı tərk etmək;

Həsəd etməyi tərk etmək;

Xeyir əhli ilə birlikdə olmaq”.

Sonra ikinci qapının önünə gəldik, bir də baxdım ki, orada da bunlar yazılı idi: “Lə iləhə illəllah Muhamməd Rəsulullah. Hər şeyin bir çarəsi vardır. Dünyada da, axirətdə də sevincin çarəsi dörd xislətdədir”.

Yetimin başını sığallamaq;

Dullara yardım etmək;

Fəqirlərə yardım üçün çalışmaq;

Miskinlərə yardım etmək”.

 

Sonra üçüncü qapıya getdik. Baxdım orada da bunlar yazılmışdı: ”Lə iləhə illəllah Muhamməd Rəsulullah. Hər şeyin bir çarəsi vardır. Dünyada səhhətli olmanın çarəsi dörd xislətdədir:

Az danışmaq;

Az yemək;

Az yürümək; (Qeyd:buradakı məna ayaqla yerimək,qaçmaq anlamında deyil)

Haramlardan qorunmaq”.

Sonra dördüncü qapıya getdik. Orada da bunlar yazılmışdı. :”Lə iləhə illəllah Muhamməd Rəsulullah. Hər şeyin bir çarəsi vardır. Dünyada və axirətdə xilas olmanın çarəsi bu xislətlərdədir:

Allaha və axirət gününə iman edən ana və atasına ikram etsin;

Allaha və axirət gününə iman edən müsafirə ikram etsin;

Allaha və axirət gününə iman edən ya xeyir desin, ya da sükut etsin”

Sonra beşinci qapıya getdik. Orada da bunlar yazılmışdı: ”Lə iləhə illəllah Muhamməd Rəsulullah.

Kim zülm görmək istəməzsə, zülm etməsin;

Kim uğursuzluq istəməzsə, uğursuzluqla günahlandırmasın;

Kim ki, zəlil olmaq istəməzsə, zəlil etməsin;

Kim hər iki aləmdə salamat olmaq istərsə, Lə iləhə illəllah Muhamməd Rəsulullah sözünə sarılsın”.

Sonra altıncı qapıya getdik. Orada da bu yazı vardı :”Lə iləhə illəllah Muhamməd Rəsulullah.

Kim təbibdən xilas olmaq istərsə, Təbibi-kəlamı(Qurani-Kərimi) istəsin;

Kim qəbrini nurlandırmaq istərsə, məscidləri nurlandırsın;

Kim torpaq altında qısa müddət qalmaq istərsə, Quranı əzbərləsin;

Kim cəsədini qurd yeməsini və ya müsəllət olmasını istəməzsə, məscidləri döşəsin”.

Sonra yeddinci qapıya getdik, burada da bu yazını gördük. :”Lə iləhə illəllah Muhamməd Rəsulullah. Hər şeyin bir çarəsi vardır. Qəlbi təmizləmənin çarəsi isə dörd şeydir.

Xəstəni ziyarət;

Ölünü kəfənləmək;

Cənazə namazı qılmaq;

Zəkat vermək.”

Sonra səkkizinci qapıya getdik. Bu yazı ilə qarşılaşdıq :”Lə iləhə illəllah Muhamməd Rəsulullah. Kim bu cənnətə girmək istərsə, bu dörd xislətə yapışsın:

Sidq;

Səxavət;

Gözəl əxlaq;

Allahın qullarına əziyyət etməmək”.

Cənnətin qapısından girmək istədinmi? İstəyənə ən gözəl yolu Həzrəti Rəsul (s.a.s) göstərib. Bu yol getmək istəyənlərin üzünə açıqdır. Sonunda təkcə cənnət deyil həm də gerçək insan kimi yaşaya bilmək, gerçək insan kimi ölə bilmək var… Sonunda Allahın sevimli bəndələrindən biri kimi insanların qəlbində, könlündə yer tutmaq da var …

P.S: Bütün dostlara İçərişəhərdə, Şirvanşahlar sarayı yaxınlığındakı türbədə uyuyan Seyid Yəhya əş-Şirvani əl-Bakuvini və özəlliklə onun “Şəfa Əl Əsrar” (Sufiliyin sirləri) kitabını oxumalarını böyük məmuniyyətlə məsləhət görərdim. Kamil insan olmanın yollarını göstərən çox maraqlı bir kitabdır.

Qənirə Paşayeva