“Cari ilin sonunadək məcburi köçkünlər Laçın şəhərinin Zabux və Sus kəndlərinə qayıdacaqlar” – Deputat

Dünyada baş verən neqativ proseslərin fonunda 2023-cü ilin birinci yarısını iqtisadi və sosial baxımdan Azərbaycan üçün müsbət qiymətləndirmək olar. Xüsusilə də, qeyri-neft sektorunda 3 faiz, qeyri-neft sənayesində isə 6,5 faiz artım qeydə alınması ciddi iqtisadi irəliləyiş kimi qeydə alınmalıdır. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq həyata keçirilən tədbirlər qısa müddət ərzində müsbət nəticələr verib.

Bunu Milli Məclisin deputatı Cəbi Quliyev  bildirib.

“Bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə sosial-iqtisadi durumla bağlı son rəqəmləri açıqlayan Prezident İlham Əliyevin nitqindən bəlli oldu ki, ötən dövrdə aparılan iqtisadi islahatlar və maliyyə sektorunda nizam-intizamın möhkəmləndirilməsi nəticəsində büdcəyə daxilolmalar proqnozla nəzərdə tutulduğundan 3 milyard manatdan çox artıb. Bu isə büdcə xərclərini artırmaq üçün dövlətə yeni imkanlar verib. Keçən ilin sonlarında təsdiq olunmuş dövlət büdcəsinin xərcləri 33 milyard manatdan 36 milyard manata qədər yüksəlib ki, bu da vergi-maliyyə sektorunda aparılan islahatların nəticəsində mümkün olub. Dövlət büdcəmiz bu gün Ermənistan və Gürcüstanın dövlət büdcələrinin cəmindən 41,7 faiz çoxdur. Büdcədə edilmiş dəyişikliklər Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin intensivləşdirilməsinə, ölkəmizin hərbi qüdrətinin möhkəmləndirilməsinə müsbət təsir göstərəcək. Bu bölgənin sakinlərinin tezliklə ata-baba yurdlarına qayıtması üçün intensiv işlər həyata keçirilir. Bu ilin sonuna qədər investisiya proqramına uyğun olaraq Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinə 12 milyard manata qədər vəsaitin xərclənməsi nəzərdə tutulur. Bu, kifayət qədər böyük məbləğdir. Müsbət hal odur ki, Azərbaycan Hökuməti o ərazilərin bərpası üçün heç bir kənar dəstəyə ehtiyac duymur. Bütün quruculuq işləri daxili imkanlar hesabına həyata keçirilir”, – deyən deputat əlavə edib ki, Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Cari ilin sonuna qədər məcburi köçkünlər Laçın şəhərinin Zabux və Sus kəndlərinə qayıdacaqlar”, – deyə deputat vurğulayıb.

Cəbi Quliyevin sözlərinə görə, digər mühüm məqam ölkəmizin müdafiə qüdrətinin möhkəmləndirilməsi üçün xərclərin artırılmasıdır. Qırx dörd günlük Vətən müharibəsində Qələbə qazanan Azərbaycan Ordusunun daha da modernləşdirilməsi istiqamətində görülən işlər qürurvericidir. Bu gün dünyada beynəlxalq hüququn işləməməsi səbəbindən biz beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə bel bağlaya bilmərik. Bizim öz müstəqilliyimizi, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmaqdan başqa yolumuz yoxdur. Azərbaycan dövləti bu gün iqtisadi, maliyyə və hərbi qüdrətinə söykənərək heç kimə onunla ultimatum dilində danışmağa imkan vermir. Çünki respublikamız tam müstəqildir. Bütün siyasi müstəqilliklərin kökündə isə iqtisadi müstəqillik dayanır.

Müşavirədə o da qeyd olunub ki, ötən altı ayda Azərbaycanın xarici ticarət əlaqələrində müsbət saldo 10 milyard dollara yaxın olub. İlin sonuna qədər bu göstərici ən azı iki dəfə yüksələ bilər.

“Azərbaycan iqtisadiyyatının uğurlarını görmək istəməyən bəzi qüvvələr hətta qonşu ölkələrin büdcələrinin müqayisəli təhlilini aparmaq qabiliyyətindən məhrumdurlar. Azərbaycan özünün iqtisadi müstəqilliyinə son 30 ildə aparılan düzgün iqtisadi siyasət nəticəsində nail ola bilib.

Ölkəmizin əsas ixrac qaz resursu “Şahdəniz” qaz-kondensat yatağı idi. Amma bu gün bizim artıq iki böyük qaz-kondensat yatağımız var. “Abşeron” qaz yatağı ilə bağlı proqnozlarımız da özünü doğrultdu. Bütün bunlar Azərbaycanın enerji potensialına kölgə salmağa çalışan bəzi “ekspert”lərə tutarlı cavabdır. Onlar vaxtilə “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında da neftin az olmasını iddia edirdilər və Azərbaycanın enerji potensialının zəif olduğunu göstərməyə çalışırdılar”, – deyə deputat vurğulayıb ki, 300 milyard kubmetrdən artıq ehtiyata malik “Abşeron” yatağının istismara verilməsi növbəti dəfə ölkəmizin bədxahlarını məyus etdi.