Ceyhun Məmmədov: “Bölgələrdə yeni universitetlərin açılması məsələsi diqqətdə saxlanılmalıdır”

Elm və təhsil naziri Emin Əmrullayev Ağdamda Qarabağ Universitetinin tikiləcəyini açıqlayıb. 

Bakıda keçirilən Tibb Təhsili üzrə Beynəlxalq Konfransda çıxışı zamanı nazir qeyd edib ki, hazırda universitetin böyük konsepti hazırlanır:

“İstərdik ki, orada tibb sahəsi tədris olunsun. Bu sahədə fəaliyyət istiqamətində əməkdaşlığa hazırıq”, deyə E.Əmrullayev nəzərə çatdırıb.

Qarabağ və Şərqi Zəngəzurda ali təhsil ocaqlarının yaradılmasının vacibliyinə toxunan Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, bölgələrdə yeni universitetlərin açılması məsələsi diqqətdə saxlanılmalıdır:

“Hesab edirəm ki, yeni yaradılacaq universitetlərdə, əsasən, müasir tələblərdən irəli gələn istiqamətlər üzrə ixtisaslar tədris edilməlidir. Universitetlərdə ixtisaslar bir-birini təkrarlamalı deyil. Ölkədə bir ixtisas üzrə müxtəlif  universitetlər yüzlərlə məzun yetişdirir. Həmin gənclər sonradan iş tapmaqda çətinlik çəkirlər. Müəyyən sistemləşdirməyə, dəqiq kvotanın tətbiqinə ehtiyac var. Düşünürəm ki, tibb, mühəndislik, informasiya texnologiyaları sahələrinə üstünlük verilməlidir. Qarabağda yenidənqurma işləri aparılır, infrastruktur salınır. Burada mühəndislərə, tibb müəssisələrində işləyəcək mütəxəssislərə, müəllimlərə ehtiyac olacaq.

Əvvəllər universitetlərin hər birinin öz istiqaməti var idi. Bakı Slavyan Universiteti, Dillər Universiteti, Pedaqoji Universitet və s. bəlli ixtisaslar üzrə tələbə yetişdirirdi. Konkret sahələr üzrə ixtisaslaşmış universitetlərin fəaliyyətinin qurulmasına çalışmalıyıq. Universitet parçalananda, orada hər sahə tədris olunanda ciddi nəticə əldə edilə bilməz. Bu, xaricdə də belədir”.