Çimərlik mövsümü başladı

75

 

Vətəndaşlarla maarifləndirmə işləri aparılır.

İyunun 8-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) Buzovna xilasetmə məntəqəsində 2014-cü il yay çimərlik mövsümünün açılışı ilə bağlı mərasim keçirilib.

Mərasimdə Fövqəladə Hallar Nazirliyinin və digər əlaqədar təşkilatların nümayəndələri iştirak ediblər.

Əvvəlcə mərasim iştirakçıları DSXX-nın su nəqliyyat vasitələri, xilasetmə texnikaları və avadanlığı ilə tanış olublar.

Tədbirdə bildirilib ki, çimərliklərdə və kütləvi istirahət yerlərində insanların sularda təhlükəsizliyinin təmin olunması qarşıya əsas vəzifə kimi qoyulub. Çimərliklərdə insanların rahatlığı və təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər görülür. Çimərlik mövsümü başlayanda vətəndaşlarla maarifləndirmə işləri aparılır. Müasir texnika və avadanlıqla təchiz olunmuş xidmət tərəfindən rəsmi çimərliklərdə xəbərdaredici, maarifləndirici, məlumatlandırıcı dəmir lövhələr quraşdırılıb. Eyni zamanda, vətəndaşlara özlərinin və doğmalarının təhlükəsizliyi naminə rəsmi çimərliklərdən istifadə etmələri tövsiyə olunur.

Qeyd olunub ki, çimərlik mövsümündə baş verə biləcək xoşagəlməz halların və bədbəxt hadisələrin qarşısının alınması məqsədilə çimərliklərdə xilasedicilərin işləmələri üçün hər cür şərait yaradılıb.

Tədbirdə xilasedicilər suda boğulanların xilası və ilk yardımın göstərilməsi bacarıqlarını nümayiş etdiriblər.