Dəmin altını söndür qaynamasın və ya ürəyimiz yananda, çay….

 

 Stəkanları dəyiş, limonu atma!

İçmək axırımıza çıxacaq deyə düşünürəm. Deyəsən, çox böyük düşünürəm. Elə ona görə də spirtli içkini nəzərdə tutmuram. Heç son vaxtlar cəmiyyətimizin bəlasına çevrilən energetik içkiləri də demirəm. Mənim davam “çay davası”dır. Bəli, həmin o çayla ki, şəninə bəh-bəhlə mürəbbələr bişiririk, cürbəcürə çaylar alırıq, dəmdəsgah qurub oturub o möhtəşəm prosesin baş verməsini –  çayın dəm almasını gözləyirik.

Dəmləndi? Onda süz! Amma limon atma!

Çox vaxt asudə vaxtımızı çayxanalarda keçirməyə üstünlük veririk. Dərdimizə də, xoşbəxtliyimizə o çayniklər də, çaydanlar da şahiddir. Dili olsa nələr danışar o üç meymun obrazında olan çayniklər. Hələ külqabıları demirəm. Dərddən çəkilən siqaretin külü, sevinclə çəkiləndən fərqli olur. Qeybətə isə nə siqaret bəs edər, nə də çay…

Birini də süz, qaqaş!

-Mürəbbələrdən nə var?

– Qoz, qarpız, pomidor, badımcan….

– Qənd ver!

Siz heç zeytun mürəbbəsi ilə çay içmisiniz? Mən yox. Heç istəmirəm də. Axı, bu qədər çayı hara, niyə içirik? Asudə vaxt deyirəm e. Hələ bəzi iş yerlərində qeyri-rəsmi daxili nizamnamələrdə “çay vaxtı” da var. Niyə məhz çay axı? Qoy olsun “saç daramaq vaxtı”, nə bilim, “hal-əhval” vaxtı, ya da “fruittime”. Niyə çay? niyəəəə?

Elə ona görə də harasa CV yazanda “boş vaxtlarınızda nə edirsiniz?” sualına arzusunda olduqlarımızı yazaraq cavab veririk,  etdiklərimizi yox. Ən azından başımıza alma düşməyəcək ki, cazibə qüvvəsini yenidən kəşf edək. Uzaq başı qaynar çay dağılacaq üstümüzə…

-Qaqaş, bir dənə də çay ver!

Çayın ziyanlarını saymayacam bir-bir. Onu deyim ki, bədəndə olan kalsiumu çay kimi məhv edən ikinci bir şey yoxdur. Bir həkim var, onurğa yırtıqlarını müalicə edir. Xəstələrinə ilk şərti odur ki, çay içməyəcəksənsə,  gəl yanıma….

Hələ çaya mahnı da qoşmuşuq, samovarın qiymətinə isə mənəm deyən süd verən inək almaq olar.

-Bəlkə nanəli qəlyan gətirsin?

-Dünən çəkdik də… burdan çıxıb hamama gedirik.

Qurban olum sizə, o çayxanalara xərclədiyimiz pullarla bütün orta əsr hamamlarını restavrasiya edə bilərsiz, əgər istəsəz. Hamam daha xeyirlidir deyə, elə mən də onu deyirəm. Yoxsa çay evi də açmaq olar. Çay evi demişkən, icarəyə ucuz yer görsəniz xəbər edin. Yaxın uşaq var, çayxana açmaq istəyir. Özü də deyir fərqli nəsə açmaq istəyirəm, müştəri çox gəlsin. Daha anlamır ki, dəm həmin dəm, lülə də həmin lülədir… Nə isə çox uzandı, qaqaşa dedim gəl axşam bir çay içək, müzakirə edək.

Suyu az tök, qoy dəmlənsin, sonra əlavə edərsən. Dəmin altını söndür qaynamasın. Stəkanları dəyiş, amma limonu atma!

-Dur e,  12-yə qalıb, metro bağlanacaq…

 

 

Sərvər Abdullayev