Dənizdən kişi meyiti tapıldı…

deniz2345

Dənizdə aşkarlanan kişi cəsədinin itkin düşən neftçilərə aid olub-olmaması müəyyənləşdirilir.

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargahdan XALQ.AZ-a bildirilib ki, təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış əməliyyatları davam etdirilir.

Həyata keçirilən axtarış əməliyyatları nəticəsində dənizdə naməlum kişi meyiti aşkarlanıb. Tapılan meyitin, “Azneft” İB-nin N.Nərimanov adına neft və qazçıxarma idarəsinin 3 nömrəli Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub-olmaması müəyyənləşdirilir. Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.