Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan xalqının yaddaşında hər zaman yaşayacaqdır

Azərbaycan xalqı xoşbəxt xalqlardandır. Tanrı bizə tarixin ən çətin və keşməkeşli dövrlərində dərin zəkası və uzaqgörənliyi ilə milli dövlətçiliyi, azərbaycançılıq ideyalarını hər şeydən üstün tutan, bütün mənalı ömrünü canından artıq sevdiyi doğma xalqına həsr edən, dahi şəxsiyyət Heydər Əliyevi bəxş edib. Ulu Öndərin “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!” kəlamı dahi şəxsiyyətin həyatının ana xəttini təşkil edib. Tanrının xalqımıza bəxş etdiyi bu böyük insanın ömrünün hər anı, hər dəqiqəsi Vətənə, millətə sədaqətlə xidmətin əsl təntənəsi oldu. Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Ulu Öndərin ən böyük gücü dərin və universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində və müdrikliyində idi. Ulu Öndər ümumbəşəri xüsusiyyətləri özündə cəmləşdirərək milli lider, qüdrətli dövlət xadimi, xilaskar kimi bugünkü müstəqil Azərbaycan dövlətinin bünövrəsini qoyub.

Bu sözləri Milli Məclisin deputatı Pərvin Kərimzadə söyləyib.

Deputat qeyd edib ki, Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının Ümummilli Liderinə çevrilmişdir. Dahi şəxsiyyət qətiyyətli siyasəti ilə ölkəmizi bütün təhlükələrdən qoruyub, dövlət, xalq qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsinə möhkəm zəmin yaradıb. Ulu Öndər xilaskarlıq missiyasını ləyaqətlə, şərəflə yerinə yetirdi, xalqın sabaha inamını bərpa etdi, milləti öz taleyüklü problemlərinin həlli yönündə fədakarlığa ruhlandırdı. Heydər Əliyev Azərbaycan dövlətinin haqq səsini bütün dünyaya çatdırdı, müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratdı, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirdi, adını qızıl hərflərlə bəşəriyyət tarixinə yazdırdı. Məhz Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, milli-mənəvi yüksəliş, azərbaycançılıq ideyalarının bərqərar olması, gələcək inkişaf üçün güclü və möhkəm əsasların yaradılması Ulu Öndərin zəngin təcrübəyə, parlaq zəkaya, ali liderlik qabiliyyətinə, yüksək siyasi idarəçiliyə əsaslanan siyasətinin həyata keçirilməsi nəticəsində mümkün oldu. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsinə çevrildi. Bu gün Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatın elə bir sahəsi yoxdur ki, o sahənin inkişafı Ulu Öndərin adı ilə bağlı olmasın. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Ulu Öndərin müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uzaqgörənliyi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı böyük uğurlarda bir daha tarixi təsdiqini tapır. Milli liderlik və siyasi liderlik keyfiyyətlərinin dünya tarixində bir dövlət xadimində birləşməsi nadir hallarda rast gəlinir. Məhz bu iki keyfiyyəti özündə cəmləşdirən şəxslər xalqın ümummilli liderinə çevrilir. Heydər Əliyev Azərbaycan xalqının həm siyasi lideri oldu, həm də milli lideri. Zaman-zaman yeniləşən nəsillər Ümummilli Liderin ömür yoluna müraciət edəcək, zəngin irsini araşdıracaq, öyrənəcək, liderlik məktəbindən dərs alacaqlar.

Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Ulu Öndər öz müdrikliyi, cəsarəti ilə Azərbaycan xalqının sevgisini qazanmışdır. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətləri Azərbaycan vətəndaşları, dünyada yaşayan bütün azərbaycanlılar heç vaxt unutmayacaq. Hər il keçirilən anım tədbirləri Azərbaycan xalqının böyük ehtiramın ifadəsidir, Heydər Əliyevin xalqımızın qarşısındakı möhtəşəm xidmətlərinə verdiyi qiymətdir. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi hər zaman yaşayacaqdır.