Danışıqlar bir neçə müstəvidə gedir

Bildiyimiz kimi, mayın 2-ə Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçıları və müşahidə qrupu ilə birgə iki və üçtərəfli görüşlər keçirilib. Görüş zamanı Ceyhun Bayramov və Ararat Mirzoyan arasında sülh və gələcəklə bağlı bir sıra məsələlər müzakirə olunub. Növbəti görüş mayın 14-də Brüsseldə, 19-da isə Moskvada baş tutacaq. Bundan əvvəl də həmin şəhərlərdə keçirilən görüşlər sülhlə bağlı nəticə alınmamışdı. Növbəti görüşdə isə müzakirələrin hansı aspektdə davam edəcəyi haqqında hələ ki dəqiq bir məlumat yoxdur. Deputat Arzu Nağıyev bildirir ki, danışıqlar bir neçə müstəvidə gedir: “ABŞ, Avropa, eyni zamanda Rusiya müstəvisində də bu danışıqlar aparılır. ABŞ-ın Dövlət Departamentinin rəhbəri Antoni Blinkenin iştirakı ilə keçirilən, həm də ayrı-ayrı baş tutan görüşlərdə nəzərdə tutulmuşdu ki, görüş Moskva müstəvisində də olsun.

Ermənilər, ümumiyyətlə sülh müqaviləsinin imzalanmasını istəmir, siyasi gedişlər edirlər. Ona görə də, düşünürəm ki, Moskva görüşünə də ehtiyac var. Çünki regionda baş verən hadisələr Rusiya ilə sıx əlaqədardır. Ona görə də həmin razılaşdırılmamış məqamlara məhz Moskvada aydınlıq gətirilməsi labüddür. Son təxribatlar, sərhəddə baş verən hadisələr onu göstərdi ki, heç də ermənilər sülh müqaviləsinin imzalanmasına tələsmirlər. Çünki regiona qanunsuz silahların daşınmasının qarşısının alınması, eyni zamanda sərhəddə Azərbaycanın sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulması onları qane etmir. Çünki artıq silah-sursat daşıya bilmirlər. Buna görə də nəyin bahasına olursa-olsun Qarabağda sülh bərqərar olunmalıdır. Azərbaycan sülh müqaviləsinin imzalanmasını təkid və tələb edir. Ona görə də Moskva görüşündən də bir sıra gözləntilər var, çünki Rusiyanın sülhməramlı qüvvələri regiondadır, eyni zamanda Ermənistan Kollektiv Təhkükəsizlik Müqabiləsi Təşkilatının üzvüdür. Həmçinin Rusiya Ermənistana təsir edə bilər. Düşünürəm ki, bu görüşdən də müəyyən gözləntilər olmalıdır. Bu gözlənti və müddəaların razılaşdırılması təbii ki, sülh müqaviləsinin imzalanmasını yaxınlaşdıra bilər. Burada əsas məsələ məhz ermənilərin mövqeyindən aslıdır. Əks halda zərər və ziyan çəkən elə onların özləri olacaqdır”.